Azərbaycanın Vətən müharibəsindəki ləyaqəti: Koçaryanın, Sarkisyanın kürəyinə saplanan xəncər - ŞƏRH

Prezident İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən 44 günlük Vətən müharibəsindən danışıb.

Azərbaycan Ermənistanla müharibəyə uzun illərdir ki, hazırlıq görürdü, çünki Ermənistan zaman keçdikcə özünün ənənəvi yalanlarından və çirkin təxribatlarından əl çəkmirdi.

2016-cı il Aprel döyüşləri Vətən müharibəsindəki qələbənin təmin edilməsi üçün əlverişli cığır açdı, çünki Azərbaycan Ordusu apreldə xeyli strateji yüksəkliyi işğaldan azad etmişdi.

2020-ci ilin iyulunda isə Aprel döyüşlərindən sonrakı atəşkəs dövrünün ikinci irimiqyaslı eskalasiyası başlandı və özü də münaqişə zonasından tamamilə kənarda – Tovuzda.

Tovuz döyüşləri Azərbaycan xalqının vətənpərvərlik hisslərini alovlandırdı, bundan sonra müharibə əhval-ruhiyyəsi güclənərək Vətən müharibəsinin başlanmasını təmin etdi və 44 gün ərzində işğalda olan ərazilər düşmən tapdağından azad edildi.

İlham Əliyev idmançılarla görüşdə Vətən müharibəsinin gedişatında Azərbaycanın sırf hərbi qaydalarla, ləyaqətlə döyüşdüyünü bildirən tezisləri gənclərin diqqətinə çatdırıb.

Həqiqətən də, Azərbaycan Ordusu Ermənistanla döyüş meydanında yalnız hərbi obyektləri, hərbçiləri məhv etdi, hərçənd ki, Ermənistan mülki insanlardan qalxan kimi istifadə edərək rəşadətli ordumuzun onlara atəş açmasına nail olmağa çalışırdı.

İlham Əliyev idmançılara görüşdə deyib: “Biz mülki əhaliyə qarşı vuruşmamışıq, biz binaları bombalamamışıq, biz qəddarlıqla məşğul olmamışıq. Halbuki, xalqımızın ürəyində qisas hissi həmişə var idi. Çünki ermənilər tərəfindən bizə qarşı soyqırımı törədilmişdir, bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır və qisas hissi mütləq olmalı idi. Ancaq mən demişdim ki, düşməndən intiqamı döyüş meydanında alacağıq”.

Bəs Ermənistan nə edirdi? Həmişəki kimi döyüş meydanında böyük qorxaqlıq və əlahiddə murdarlıq nümayiş etdirən Ermənistan bu dəfə də həmin təcrübəsinə müraciət etdi, Azərbaycanın cəbhə xəttindən kənarda yerləşən ərazilərini raketlərdən atəşə tutdu, əli günahsız insanların qanına batdı. Xocalıdakı kimi.

Amma bütün dünya, hərbi ekspertlər gördülər ki, Azərbaycan müharibəni böyük məharət və ustalıqla apardı, qısa müddət ərzində mülki erməni əhalisinə toxunmadan istədiyinə nail oldu. Bu, Azərbaycanın müharibə qanunlarına söykənərək döyüşləri ləyaqətlə apardığının göstəricisidir. Ermənilərdə mülki itkilərin səbəblərinə gəlincə, bu, yenə də onların silahlanıb Azərbaycan Ordusuna atəş açmasından irəli gəlirdi.

İlham Əliyev bu barədə danışarkən bildirib: “Düşmən tərəfində mülki əhali arasında itkilər 30-dan da az idi. O da məhz ona görə ki, o mülki vətəndaşlar döyüşlərdə iştirak edirdilər”.

Ermənistan isə müharibə zamanı bilərəkdən atəş nöqtələrini mülki əhali olan yerdə bərqərar edirdi ki, Azərbaycanın açdığı atəş mülkiləri də öldürsün. Bu təxribat onu göstərdi ki, Ermənistan üçün heç sadə ermənilərin taleyi də önəmli deyil.

Azərbaycan Xocalının qisasını aldı, döyüş meydanında, mərdi-mərdanə. Robert Koçaryanın, Serjik Sarkisyanın və onların ətrafında olan revanşistlərin kürəyinə elə bir xəncər, iliyinə elə bir iynə sapladı ki, bunun yaraları damğa kimi həyatlarının sonuna kimi üzərlərində qalacaq.

Mülki, əliyalın insanları qətl etməklə öyünən erməni millətçilər, Azərbaycan sizin də başınızı əzdi və bundan sonra o əzilmiş başınızla gəzməli olacaqsınız.

Aqşin Kərimov