44 İL ƏVVƏLİN MƏZUNLARI DOGMA MƏKTƏBDƏ GÖRÜŞDÜLƏR, KÖVRƏK XATİRƏLƏRİNİ DİLƏ GƏTİRƏNDƏ GÖZ YAŞLARINI SAXLAYA BİLMƏDİLƏR-FOTO

Onlar 54 il əvvəl – 1968-ci ildə 42 nəfər idilər. Sentyabr ayında o vaxtkı Maksim Qorki adına Zərdab şəhər 1 saylı orta məktəbinin, indiki Həsən bəy Zərdabi adına 1 saylı məktəb-liseyin birinci sinfinə qədəm qoymuşdular. 1978-ci ildə isə orta məktəbi bitirərək nə vaxtsa görüşmək ümidi ilə bir-birlərindən ayrılmışdılar. 2022-ci il sentyabrın 17-də həmin məzunların 35 nəfəri 44 ilin ayrılığından sonra doğma məktəblərində görüşdülər. Heç zaman unudulmayacaq bu görüşə kimisi doğma Zərdabdan, kimisi daimi yaşadığı Budapeştdən, kimisi Tümendən, kimisi Volqoqraddan, kimisi Bakıdan, kimisi Mingəçevirdən, kimisi də digər şəhər və rayonlardan gəlmişdilər. Görüşdülər və ilk olaraq Zərdab şəhərinin mərkəzindəki Heydər Əliyev Parkını ziyarət edərək ulu öndərin abidəsi önünə gül-çiçək düzdülər. Sonra isə dünyasını dəyişən keçmiş sinif yoldaşlarının 7-sinin də məzarını ziyarət etdilər, kövrəldilər, o insanların unudulmaz xatirələrini dərin hüznlə və sonsuz ehtiramla andılar, ruhlarına dua oxudular. Oradan birbaşa köhnə ünvana - o vaxtkı M. Qorki adına Zərdab şəhər 1 saylı orta məktəbinə gəldilər. 44 il əvvəlin məzunlarının o vaxt təhsil aldıqları, indi istifadəsiz qalan keçmiş məktəblərinin yalqız görünən binasını, dərs keçdikləri sinif otaqlarını ziyarət etmələrini görmək, kövrək xatirələrini dinləmək, şəkillər çəkdirmələrini, bəzən göz yaşlarını saxlaya bilməmələrini seyr etmək insanı çox duyğulandırırdı. Nəhayət, 35 məzun indi başqa ünvanda yerləşən, müasirliyinə görə Avropa standartlarından əsla geri qalmayan indiki H. B. Zərdabi adına 1 saylı məktəb-liseyə gəldilər. Hamı foyedəki “Medallı məzunlarımız” lövhəsinin qarşısına yığışdı. Bu lövhədə 1 saylı məktəbi medalla bitirən bütün məzunların fotoşəkilləri və ad-soyadları, məktəbi bitirdikləri tarixlər əks olunmuşdu. Elə həmin 1978-ci ilin Qızıl medallı məzunu Şərif Əfəndiyevin də şəkli bu lövhədə idi. Yenə də köhnə məzunlar ötənləri yada saldılar, kövrək və duyğulu xatirələr dilə gəldi. Düzü, bu mənzərələri seyr etmək bir jurnalist olaraq mənə böyük zövq verirdi, özüm də heç də onlardan az kövrəlmirdim. Çox duyğusal mənzərə idi. 44 il əvvəlki kimi, onlar yenə də məktəb partası arxasında əyləşdilər. Yenə də əziz, sevimli tarix müəllimləri Cavanşir Xəlilovu, sinif rəhbərləri Əlihüseyn Cəbiyevi, dərs hissə müdiri Xuraman xanım Bayramovanı dinlədilər, bir saatlıq da olsa özlərini yenidən Zərdab şəhər 1 saylı orta məktəbin şagirdləri hesab etdilər, şagirdlik illərinin şirin xatirələrini bölüşərək uşaq təki kövrəldilər. Onlar 44 il əvvəl, Məzun günündə olduğu kimi, yenə də Ana Kürün sahilinə yığışdılar. Həmin 1978-ci ili xatırladılar. Onda rayon, ən çox da Zərdab şəhəri Kür daşqını təhlükəsi ilə üz-üzə idi. Zərdabın rəhbəri, rayon Partiya Komitəsinin birinci katibi Fikrət Əfəndiyev vəziyyəti respublika rəhbərliyinə çatdırdı. Azərbaycan KP MK-nın birinci katibi, ulu öndər Heydər Əliyev mayın 27-də Zərdaba gəldi, Zərdabın xilası üçün ölkənin əlaqədar qurumlarına qəti və konkret tapşırıqlar verdi. Nəticədə rayonumuz Kür daşqını ilə mübarizədə qalib gəldi, Zərdabın İsmayıllı rayonunun ərazisinə köçürülməsi planı durduruldu. 44 il əvvəlin məzunları Kür sahilindəki unudulmaz görüşləri zamanı dedilər ki, 44 rəqəmini xalqımız üçün ən düşərli rəqəm, simvol hesab edirlər. Ən azından ona görə ki, rəşadətli Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğalçı düşməni “Dəmir yumruq”la 44 gündə nokaut etdi, onun belini qırdı. Beləcə, onlar 44 ildən sonra gözəl bir gündə Zərdabda görüşdülər, dərdləşdilər, ötənləri xatırlayıb həm qürurlandılar, həm də “Ötən günə gün çatmaz” düşüncəsi ilə duyğulandılar. Allah sizlərə uzun ömür, bütün məzunlara illər sonrası görüşməyi nəsib eləsin!
Coşqun ABDULLAYEV, Jurnalist, Zərdab şəhəri.