Narkomaniya ilə mübarizədə məqsədyönlü tədbirlər davam etdirilir
Zərdab Rayon Polis Şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə 07 noyabr 2024-cü il tarixində Zərdab rayonu Heydər Əliyev Mərkəzinin akt zalında maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ramil Salayev, Rayon polis şöbəsinin müavinləri və əməkdaşları Rayon Prokuroru, Baş Ədliyyə müşaviri Zaur Əliyev, Zərdab rayonu üzrə təhsil sektorunun müdiri Gülağa İsgəndərov, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Murad Həsənov, Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Emil Kamilov, rayon ümumtəhsil məktəblərinin müəllimləri, yuxarı sinif şagirdləri və valideynlər iştirak ediblər
Çıxış edən Zərdab Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ramil Salayev dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb. Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir.
Zərdab rayonu üzrə təhsil sektorunun müdiri Gülağa İsgəndərov öz çıxışında cəmiyyətdə “ağ ölüm” kimi qəbul edilən, bəşər övladının baş bəlasına çevrilən, əhalinin, daha doğrusu, gənc nəslin bir qismində sonsuz maraq doğuran, aludəçilik yaradan, müalicəsi olduqca çətin və uzun müddət tələb edən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotik vasitələrin zərərlərindən bəhs etdi.
Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Murad Həsənov da çıxış edərək bu cür profilaktiki tədbirlərin əhəmiyyətini vurğulayıb.
Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Emil Kamilovun çıxışında isə narkomaniya bəlasını insan sağlamlığına mənfi təsirlərini qeyd etmiş, narkomaniyaya qarşı hamılıqla mübarizə aparmağın əhəmiyyətini vurğulamışdır.
Sonra isə məktəblilərin sualları cavablandırılıb. Məktəblilərdən birinin verdiyi sual xüsusi maraq doğurub. Belə ki, şagirdin Rayon Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı Ramil Salayevə ünvanladığı sualında dərslərini yaxşı oxuması, məktəbdə intizamlı davranışı ilə seçilməsi və gələcəkdə arzusunun polis olması, lakin körpə yaşlarından üzünü görə bilmədiyi, xarici ölkədə yaşayan atasının törətdiyi cinayətlə əlaqədar məhkum olması səbəbindən öz arzusuna çata bilməyəcəyinin nə qədər doğru olduğu qeyd olunmuş və ona müvafiq köməklik göstərilməsini xahiş etmişdir. Məktəblinin sualına cavab olaraq Polis rəisi onu Polis Şöbəsinə dəvət etmiş və ona qaydalar çərçivəsində köməklik göstəriləcəyini bildirmişdir.
Saat24.Az Coşqun Abdullayev