Göyçay rayon Yeniarx kənd tam orta məktəbində 2 sanitar qovşaq binası tikilmişdir-Foto

Göyçay rayon Yeniarx kənd tam orta məktəbində 2 sanitar qovşaq binası tikilmişdir

Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyi ilə "Su, sanitariya və gigiyena mühitini yaxşılaşdırmaqla yerli inkişafın dəstəklənməsi" təşəbbüsünün icrası davam edir.


Saat24.Az xəbər verir ki,hədəf məktəb olaraq seçilmiş Göyçay rayon Yeniarx kənd tam orta məktəbində nəzərdə tutulmuş infrastruktur dəstəyi tədbirləri artıq tamamlanmaq üzrədir. Belə ki, məktəbin mövcud sanitar qovşaq binalarını təmir etmək mümkün olmadığından Mərkəzi Aran Reginonal Təhsil İdarəsi, Göyçay rayonu üzrə Təhsil Sektoru, məktəb rəhbərliyi, kənd bələdiyyəsi və icma sakinləri ilə aparılmış çoxsaylı görüş və müzakirələrdən sonra məktəbin həyətində yeni sanitar qovşaq binalarının tikintisi məqsədəuyğun hesab edilmişdir. Bu məqsədlə qız və oğlan şagirdlər üçün ayrı sanitar qovşaq binaları tikilmiş və su təchizatı qurulmuşdur. Yaxın dövr ərzində yarımçıq qalmış işlər tamamlanaraq hədəf məktəbə təhvil veriləcəkdir.

Qeyd edək ki, təşəbbüs çərçivəsində Yeniarx kənd tam orta məktəbinin yaxınlığında yerləşən artezian su mənbəyinin təmir edilməsi və kəndin 3 istiqamətinə su xəttinin çəkilməsi də nəzərdə tutulur. Bununla bağlı artezian quyusunun yanında 6 metr hündürlükdə 8 ton 643 litr həcmində su çəni quraşdırılmışdır. Seçilmiş məktəbdə su və sanitar qovşaq tikintisinin başa çatmasından sonra bu istiqamətdə görüləcək işlərin icrası qısa vaxt ərzində tamamlanacaqdır.

"Yerli İdarəetməyə Yardım" İctimai Birliyinə məxsus təşəbbüs Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində "Microfinance Consulting" MMC tərəfindən icra edilir.