MİQ imtahanlarından narazı olanlar Prezidentə müraciət etdi

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu (MİQ) üçün keçirilən imtahanları ilə bağlı imtahanda iştirak edən bir qrup müəllim Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib. 

Avropa.info xəbər verir ki, müraciətdə imtahan prosesindən narazılıq ifadə olunub.

Qeyd edilib ki, müəllimlər üçün hər il müəllimlərin işə qəbulu üçün keçirilən imtahanlarda ən azı 2-3-cü tur daimi olurdu. 

"Bu il isə cəmi 1-ci turu daimi ediblər. Digər turlar isə ancaq müddətli müqavilə ilə olacaqdır (yəni 1 il işləyib çıxmalıyıq). Təhsil nazir çıxışında imtahanlarda 70+, 80+ bal toplayan müəllimlərin yetəri qədər savadlı olduğunu və öz sahələrinin peşəkarı olduğunu vurğulayıb. Eyni zamanda 3,5 il təcrübəsi olan müəllimlərin imtahan balına əmsalın tətbiq edilməsindən də narazıyıq. Dövlət onların əməyini yetərincə qiymətləndirdiyini düşünürük. Bəs  universiteti yeni bitirmiş şəxs necə etsin? Halbuki imtahanda onlardan çox bal toplamış ola bilər. Bəs nəyə görə hazır vakant yerlərə biz müəllimlər müddətli müqavilə ilə qəbul olmalıyıq?! Min bir əziyyətlə universitet oxuyub, imtahan verən müəllimlər bu cür prosesin nəticəsində işsiz qalır. Bütün müəllimlər adından bu məsələyə yenidən baxılması üçün göstəriş verilməsini sizdən xahiş edirik", - deyə müraciətdə bildirilir.