Peşəkar vəkil Adəm Məmmədov Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib.
Qanunla.Az xəbər verir ki,vəkilin yaradıcılıq qabiliyyətlərini yüksək səviyyədə qiymətləndirilərək ona üzvlük vəsiqəsini Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar təqdim edib.
Qeyd edək ki, Adəm Məmmədov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, ədliyyə kapitanıdır. Tanınmış vəkil bakalavr dərəcəsi üzrə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakultəsində və magistr dərəcəsi üzrə Rusiya Xalqlar Dostluğu Universitetində təhsil almışdır.
Adəm Məmmədov vəkillik fəaliyyəti dövründə 40-dan artıq bəraətə nail olmuşdur. Hüquqi maarifləndirmə sahəsində xidmətlərinə və ölkənin vəkillik tarixində ən çox bəraət hökmlərinin qəbul edilməsinə nail olduğuna görə Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. Adəm Məmmədov həmçinin telejurnalist kimi də tanınır. Uzun illər Lider televiziyasında “Hüquq və ədalət”, “İnsan və qanun” verilişlərinin aparıcısı olmuşdur. O, Qanunla.az saytının yaradıcısı və rəhbəridir. Sosial Hüquqların araşdırılması İctimai Birliyinin həmtəsisçisi və sədr müavinidir.
Adəm Məmmədov oxucular tərəfindən böyük maraqla qarşılanan “Qətlin sonu” dedektiv-triller romanın müəllifidir. Yazıçının hal-hazırda “Oğurlanmış adam” romanı çapa hazırlanır.