Birinci Qarabağ döyüşlərində şəhid olan məhkəmə hakimi Məhərrəm Məmmədov Qarabağda qondarma separatçı rejimin “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan barəsində cinayət işinin istintaqında zərərçəkmiş şəxs qismində tanınıb.
"Report"un əldə etdiyi məlumata görə, Məhərrəm Məmmədov 1987-ci il tarixdən etibarən Zərdab Rayon Xalq Məhkəməsinin sədri vəzifəsində çalışıb.
O, tez-tez döyüş bölgələrinə baş çəkib, hərbiçilərin vəziyyəti ilə maraqlanaraq yardımlar göstərib. Eyni zamanda, onun müharibə veteranı olan iki qardaşı da könüllü şəkildə Qarabağ döyüşlərində iştirak edirdilər.
Belə ki, Məhərrəm Məmmədovun Zərdab rayon polis şöbəsinin rəis müavini Milli Qəhrəmanı Şahlar Şükürovun cənazəsinin ermənilərdən alınmasında müstəsna rolu olub.
1993-cü ilin avqust ayında Cəbrayıl rayonun bir çox yaşayış məntəqələrinin işğal olunması təhlükəsi yarandığı üçün həmin vaxt Məhərrəm Məmmədov Cəbrayıl rayonunda ziyalıları ilə bir araya gələrək, rayonun müdafiəsini təşkil etməyə və işğalın qarşısın almağa çalışırdılar.
Bütün səylərə baxmayaraq, rayonun mərkəzi və bir çox kəndləri işğala məruz qaldığı üçün qadınları, uşaqları və qocaları döyüş bölgəsindən təhlükəsiz zonaya daşınması məqsədilə avtomobillər təşkil etmişdi.
Bir çox insanların həyatını xilas etməyə çalışan şəhid hakim Məhərrəm Məmmədov öz həyatını xilas edə bilməyib.
Digər əldə etdiyi məlumata görə, şəhid hakim Məhərrəm Məmmədov Vəkillər Kollegiyasının üzvü Adəm Məmmədovun atasıdır.
Qeyd olunanlarla bağlı mərhumun oğlu vəkil Adəm Məmmədovla əlaqə saxlanıldıqda o, müvafiq istintaq hərəkətlərinin aparıldığını və zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınaraq dindirildiyini təsdiqləyib.
Onun sözlərinə görə, cinayət işi materialları əsasında artıq onlara ittiham elan edilib və cinayət işi hazırda Baş Prokuror Kamran Əliyevin xüsusi nəzarətindədir:
“Zərdab Rayon Məhkəməsinin sədri mərhum atam Məmmədov Məhərrəm Fehruz oğlunun 24 avust 1993-cü il tarixdə Füzuli rayonunun I Mahmudlu kəndi yaxınlığında, “Kültəpə” deyilən yerdə qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən qətlə yetirilməsi faktı ilə bağlı başlanmış cinayət işi Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Arkadi Qukasyan, Bako Saakyan, “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan, Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyan, Azərbaycan Respublikası ərazisinə qeyri-qanuni gələrək 2015-2018-ci illərdə qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri” vəzifəsində çalışmış Lyova Henrixi Mnatsakanyana ittiham elan edilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib".
Vəkil qeyd edib ki, müvafiq istintaq hərəkətləri aparılmış və zəruri materiallar toplanmaqla ermənlərin əməlindəki cinayət tərkibinin (terror, müharibə cinayətləri və qanunsuz silahlı birləşmə) olması faktı öz təsdiqini tapıb.
Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağdakı keçmiş qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı saxlayaraq Bakıya gətiriblər.