Ümummilli lider Heydər Əliyevin 100 illik yubleyi münasibəti ilə fevralın 13-də Zərdab rayonunda Millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, elmlər doktoru, professor Jalə Əliyevanın iştirakı ilə “Liderliyə gedən yol” mövzusunda yeniyetmə və gənclərlə görüş keçirildi.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş vətən övladlarının, o cümlədən Türkiyə Respublikasında təbii fəlakət nəticəsində həyatlarını itirmiş insanların ruhunu bir dəqiqəlik sükutla yad etdilər.
Saat24.Az xəbər verir ki,tədbirdə çıxış edən Millət vəkili Jalə Əliyeva iştirakçıları salamlayaraq yeniyetmə və gənclərimizin formalaşmasında Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Dövlət Gənclər Siyasətinin mühüm rol oynamasını, Dahi rəhbərin yüksək liderlik bacarıqlarını, Ümummilli liderin daim gənc nəslə diqqət və qayğı ilə yanaşmasını, bu gün bu siyasətin Prezident cənab İlham Əliyev tərəfindən uğurla və yüksələn xətlə həyata keçirilməsini diqqətə çatdırdı, həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşdığını bildirdi.
Daha sonra çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin əməkdaşı Kamil Məmmədov, Zərdab Rayon Gənclər və İdman idarəsinin rəisi Ələkbər Kərimov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Ləman Səfərəliyeva Azərbaycanda gənclərlə iş sahəsində həyata keçirilən tədbirlərin və ölkəmizin zəngin resurslarının gənclərin inkişafı üçün geniş şərait yaratdığını, gənclərin üzərilərinə düşən vəzifələrin bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaq olduğunu qeyd etdilər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı, qarşılıqlı müzakirələr aparıldı.