1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb

1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb.

1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb. Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.

Bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldıran Azərbaycan Xalq Cümhuriyyətində qısa zaman ərzində dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis olunmuşdur. Milli ordu qurulmuş və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edilmişdir. Azərbaycanın ilk parlamenti təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Lakin Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bilmişdir.

Azərbaycan xalqı 1991-ci ildə müstəqilliyini yenidən bərpa etmiş və oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir.  Baxmayaraq ki, xalqımız öz müstəqilliyini  bərpa etmişdi, ancaq naşı və səriştəsiz rəhbərlər səbəbindən Azərbaycanı 1920-ci ilin aqibəti gözləyirdi. Belə olan halda müdrik xalqımız çıxış yolunu dahi şəxsiyyət Heydər Əliyevin ətrafında birləşməkdə gördü. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoydu. Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edən Ulu Öndər onların Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq oldu.

Dövlətçilik ənənələrini qoruyub yaşadan Ulu Öndər Heydər Əliyev hər zaman qeyd edirdi ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir. Heç də təsadüfi deyil ki, ilk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir.

Dövlətçilik ənənələri bu gün də layiqli formada qorunub saxlanılır. Prezident cənab İlham Əliyev Xalq Cümhuriyyəti haqqında fikir bildirərkən qeyd edir ki, Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini əziz tutur. 2007-ci il 25 may tarixində Azərbaycanın paytaxtı Bakı şəhərinin İstiqlaliyyət küçəsində dövlət başçısının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin ucaldılması, Azərbaycan Xalq Cümhuriyyətinin 90 və 100 illik yubileylərinin keçirilməsi, 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.

28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür.

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıları tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub.

Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli cümhuriyyət və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.

Azərbaycan Demokratik Cümhuriyyətini rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci ildə).

Azərbaycan Demokratik Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbindən sonra ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı isə Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etmiş, dövlət müstəqilliyimiz möhkəmləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi:  “1993-cü il, əslində, real müstəqilliyimizin ilk ili olmuşdur. Məhz Heydər Əliyevin qətiyyəti, cəsarəti, təcrübəsi, dünyagörüşü və düşünülmüş siyasəti nəticəsində Azərbaycan o ağır vəziyyətdən çıxa bildi, sabitlik yarandı və inkişaf dövrü başlandı… Azərbaycanda demokratik təsisatlar məhz Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və möhkəmləndirilmişdir… 1993-2003-cü illər tarixdə sabitlik, inkişaf illəri kimi qalacaqdır”. Ötən dövrdə Azərbaycan beynəlxalq hüququn subyekti kimi sübut etmişdir ki, o, Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin ləyaqətli varisidir, onun davamçısıdır və ənənələrinə sadiqdir.

Müstəqilliyimizin bizə verdiyi bəhrələr bu gün ölkəmizin bütün dünyada tanınmasına, qəbul olunmasına imkan vermişdir. İndi müstəqil Azərbaycan dövləti mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir, öz milli, mədəni və multikultural dəyərləri ilə dünya ölkələri üçün əsl nümunəyə çevrilir. Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi xəttin uğurla davam etdirilməsi artıq Azərbaycanı regionun iqtisadi-siyasi, hərbi baxımdan ən güclü dövlətinə çevirmişdir. Elə bu gücün nəticəsidir ki, Azərbaycan 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində mənfur erməni ordusunu tamamilə darmadağın edərək illərdir, işğalda saxlanılan torpaqlarını azad etdi. Əgər Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə ali hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyini parçalanmaqdan, məhv olmaqdan qoruyub xilas etdisə, cənab İlham Əliyev ölkəmizin ərazi bütövlüyünü bərpa edərək bu müstəqilliyin tamlığını təmin etdi.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova

 

Əhəmiyyətli nailiyyətlər.

Yüz beş il bundan əvvəl – 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.

Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.

Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə

 

 

İstiqlal Bəyannaməsi.

Dünyanın ən qədim xalqlarından biri olan Azərbaycan xalqı özünün mədəniyyəti, mərdliyi, mübarizliyi, igidliyi, qüdrəti, istedadı, öz vətəninə, soykökünə, milli mentalitetinə sədaqəti ilə fərqlənmiş, dünyanın sivil xalqları sırasında şərəfli, ləyaqətli bir yer tutmağa müvəffəq olmuşdur. Azərbaycan xalqı tarix səhnəsində uzun və zəngin, keşməkeşli bir yol keçmiş, özünəməxsus zəngin mədəniyyət yaratmış, xalqımızın milli dəyərlərini qoruyub saxlamış, gələcək nəsillərə ötürməklə beynəlxalq aləmdə tanınan bir xalq imicini qazanmışdır. Müstəqil, suveren, demokratik dövlət qurmaq arzusu, istəyi  yaşayan Azərbaycan xalqının həyatında, tarixi müqəddəratında XX əsr xüsusi bir taleyüklü mərhələ təşkil edir. Məhz bu əsrdə tarix Azərbaycan xalqına illərdən bəri arzusunda olduğu müstəqilliyə qovuşmaq, milli, müstəqil, suveren dövlət qurmaq imkanı verdi. 1918-ci ilin may ayının 28- də Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Xalqımız uzun illərdən bəri arzusunda olduğu öz dövlət müstəqilliyinə qovuşdu. Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman dünyasında dünyəvi təməl üzərində bərqərar olan müstəqil, suveren, demokratik bir dövlət idi. Azərbaycan Xalq Cümhuriyyəti qısa bir ömür yaşasa da, zəngin dövlətçilik ənənələri formalaşdırıb onu yadigar qoydu. Dünya dövlətlərinin əksəriyyəti tərəfindən tanınmaqla böyük beynəlxalq nüfuz qazandı. Azərbaycan Xalq Cümhuriyyəti o dövrün çətinliklərinə, rus sovet imperiyasının ölkəni yenidən işğal etmək uğranda ciddi cəhdlərinə, erməni faşistlərinin Azərbaycanın əzəli torpağı olan Qarabağı Azərbaycandan qoparmaq üçün xain planlarına baxmayaraq, böyük çətinliklə olsa da, həm ön cəbhədə, həm də arxa cəbhədə mühüm müvəffəqiyyətlər əldə etdi. 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycanın ilk parlamenti, hökumətaparatı, ölkənin gerbi, bayrağı və himni yaradıldı. Azərbaycan dili dövlət dili elan edildi. Ölkənin ərazi, bütövlüyünü və milli təhlükəsizliyini təmin etmək, erməni faşistlərinə cavab vermək üçün olduqca müasir ordu yaratdı. Ölkədə iqtisadiyyatın, elm və mədəniyyətin, xalq maarifinin inkişafı üçün təxirəsalınmaz işlər görüldü. Təhsil milliləşdirildi. Bakı dövlət universiteti, istiqlal muzeyi yaradıldı.Xalqımızın milli sərvəti olan keçmiş ənənələrə, soykökümüzə qayıtmaq məsələlərinə, milli ideologiyanın formalaşmasına ciddi diqqət yetirildi.

Təəssüf hissi ilə qeyd etmək olar ki, Azərbaycan xalqının gələcək taleyində çox böyük siyasi əhəmiyyət kəsb edən, xalqın siyasi, mənəvi birliyinin, dövlətçilik ənənələrinin formalaşmasında böyük rol oynayan Azərbaycan Xalq Cümhuriyyəti cəmi iyirmi üç ay fəaliyyət göstərdikdən sonra yeni yaranan Sovet imperiyası tərəfindən beşiyindəcə boğuldu. Müstəqil, suveren, demokratik Azərbaycan dövləti süqut etməyə məcbur oldu. Cəmi 23 ay fəaliyyət göstərsə də, öz geniş milli proqramlarını yerinə yetirə bilməsə də, xalqımızın tarixində dərin iz qoyan Xalq Cümhuriyyətinin şüurlarda bərqərar etdiyi müstəqillik, suverenlik, milli mənlik ideyaları unudulmazdır. Məhz buna görədir ki, xalqımızın taleyüklü tarixində Xalq Cümhuriyyətinin fəaliyyətini mühüm mərhələ hesab edən Ulu Öndər Heydər Əliyev  deyirdi: “Həmin dövrdə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi tədbirlər sayəsində bütün dövlətçilik atributları – öz parlamenti, hökuməti, ordusu və pul vahidi olan müstəqil dövlətə çevrildi. O, bütün dövlətçilik prinsiplərinə və göstəricilərinə görə Şərqdə ən demokratik respublika idi”.

Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov

 

 

Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir.

1918-ci ilin 28 may günü Azərbaycan özünü bir dövlət kimi varlığını dünyaya  göstərdi. 105 yaşlı Azərbaycan Demokratik Cümhuriyyətinin bəyan edildiyi gün, 28 may onun varisi olan Azərbaycan Respublikasının da Müstəqillik Günü kimi təsbit olunmuşdur.

Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Qısa müddət ərzində dövlətin siyasi, iqtisadi, hüquqi, mədəni və digər sahələrində həyata keçirilmiş mütərəqqi siyasət Azərbaycanda müstəqil, demokratik dövlətçilik ənənələrinin, milli ruhun formalaşmasında və gələcək inkişafında mühüm rol oynamış oldu.

Cümhuriyyət çox az müddət mövcud olsa da, Azərbaycan xalqının milli-vətənpərvərlik ruhunun, azadlıq, müstəqillik arzusunun alovlanmasına təkan verdi. Həmin dövrdə mürəkkəb siyasi şəraitdə yaranmış dövləti qoruyub saxlamaq təəssüf ki, mümkün olmadı. Bundan sonra ilk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi.

1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi. Həmin il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında bəyannamə, oktyabrın 18-də isə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu. Bununla da, Azərbaycan müstəqil, demokratik və dünyəvi bir dövlət kimi yenidən mövcudluğunu dünyaya bəyan etdi. Dövlət müstəqilliyimizi dünya ictimaiyyəti tanıdı və qəbul etdi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev demişdir: “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması, onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”.

Tarixi proseslər, hadisələr deməyə əsas verir ki, müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi.

Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. Məhz 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyimiz qorunmağa başladı. Ölkədə ictimai-siyasi sabitlik hökm sürməyə başladı, iqtisadi inkişafımızın təməli qoyuldu. Ümummilli Lider Heydər Əliyev eyni zamanda hakimiyyətə gəldikdən sonra məhz 28 may 1918-ci ildə Azərbaycanın müstəqilliyini elan etmiş azərbaycanlıların adlarının əbədiləşdirilməsi, o tarixi anlara abidənin ucaldılması, cənab İlham Əliyevin İstiqlaliyyət küçəsində abidənin açılış mərasimində iştirak etməsi – bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin məhz tarixi köklərimizə nə qədər böyük önəm verdiyini bir daha göstərir.

Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. Artıq torpaqlarımız işğaldan azaddır, respublikamızın ərazi bütövlüyü bərpa olunub. Bu gün cənab İlham Əliyevin liderliyi ilə müstəqilliyimizin ən şərəfli tarixi yazılır. Şanlı Ordumuz 30 ildən sonra düşmən tapdağında olan tarixi ərazilərimizi azad etdi. Bu gün həmin ərazilərimizdə üçrəngli Azərbaycan bayrağının qürurla dalğalanması həm cümhuriyyətin qurucularının, müasir Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizə ən böyük hədiyyədir.

 Zərdab Rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva

 

 

1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi.

1993-cü il oktyabrın 3-nə təyin edilmiş Prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə idi. Eyni zamanda müstəqil Azərbaycan dövləti üçün qurtuluşa gedən yolun ilk pilləsi idi. Bu tarixdə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı.

Həyatının  məqsədi, başlıca amalı Azərbaycanın müstəqilliyi, doğma xalqının xoşbəxtliyi olan Ulu Öndər bütün mənalı ömrünü bu məqsədə nail olunmasına sərf edib. Ümummilli Lider Heydər Əliyev öz soy-kökünə, milli-mənəvi dəyərlərimizə söykənərək misilsiz xidmətlər göstərib, bu müqəddəs missiyanı uğurla, şərəflə, cəsarət və mərdliklə yerinə yetirib. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Ulu Öndər Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Ulu Öndər Heydər Əliyev dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilib. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olub. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.

Ümummilli Lider Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən hər zaman yüksək səviyyədə gəlib. Azərbaycanın əbədi müstəqil olması, qüdrətlənməsi, dirçəlişi və davamlı inkişafı yolunda bütün ömrünü sərf edərək Özünün möhtəşəm əsərini – müstəqil Azərbaycanı quraraq etibarlı əllərə əmanət etmişdir. Ona görə də Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələri, 1993-cü il oktyabrın 3-ü isə qüdrətli və zəngin Azərbaycan naminə sabitliyin, inkişafın və tərəqqinin başlanğıcı kimi xarakterizə edilir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunmuşdur.

Ümummilli Liderin ən böyük arzusu Azərbaycanı müstəqil və bütöv görmək idi, onun əsas məqsədlərindən biri qısa zaman ərzində işğal edilmiş torpaqlarımızın azad edilməsi idi.  Ümummilli Liderimizin müəyyənləşdirdiyi düzgün siyasi xətt respublikada qısa vaxtda ordu quruculuğunu möhkəmləndirmiş, güclü, mütəşəkkil ordunun yaradılmasına gətirib çıxarmışdır. Bu gün Ulu Öndər Heydər Əliyev ideyaları Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Ölkəmizin ən böyük uğuru illərdir işğal altında olan torpaqlarımızın 2020-ci ildə azad edilməsi oldu. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı  cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük savaşdan sonra qazandığımız tarixi Qələbə həm də dahi şəxsiyyətin Azərbaycanla bağlı ən böyük arzusunun həyata keçdiyinin təsdiqi idi.

Ulu Öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarıdır. Xalqın yüksək etimadı ilə Azərbaycan Respublikası Prezidenti seçilən Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycanın dövlət müstəqilliyini daimi, dönməz və əbədi etdi.

 Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 

 

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur.

XX əsrin sonunda yaranmış tarixi şərait Azərbaycana öz dövlət müstəqilliyini bərpa etmək imkanı verdi.  Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən artıq 30 il ötür. Azərbaycanı müstəqilliyə aparan yolda qəbul olunan ilk rəsmi sənəd 1991-ci il avqustun 30-na təsadüf edir. Həmin gün Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında” bəyannamə qəbul olunmuşdur. Bunun ardınca Azərbaycan Respublikası Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edilmişdir. O vaxtdan Azərbaycan yenidən müstəqilliyinə qovuşmuşdur.

Dövlət müstəqilliyinin bərpası yaranmış tarixi şəraitdən əlavə, həm də Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində mümkün oldu. Azərbaycanın müstəqilliyi ağır sosial-iqtisadi şəraitdə və xalqımızın ağır sınaqlardan keçdiyi bir dövrdə əldə edildi. Müstəqilliyi bərpa etdikdən qısa müddət sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və elan olunmamış müharibə şəraiti, digər tərəfdən dövlət rəhbərliyindəkilərin səriştəsizliyi, daxildə gedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini yaradırdı.

Məhz belə bir zamanda Azərbaycan xalqının tələbi ilə 1993-cü ildə Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu.

28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə

 

 

Azərbaycan xalqının sevgisini qazanmış Ulu Öndər.

Ümummilli Liderimiz Heydər Əliyev zəngin, keşməkeşli bir ömür yolu keçsə də həyatın bütün çətinliklərindən qalib çıxaraq zəkası və xalqına bağlılığı ilə ən yüksək zirvələrə ucalmışdır. Bəli, müstəqil Azərbaycan dövlətinin memarı, zəmanəmizin nadir şəxsiyyətlərindən biri olmuş Ulu Öndər Heydər Əliyev çox zəngin irs qoyub getmişdir. Onun Azərbaycana otuz ildən çox rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib. O, bütün həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr etmişdir.

Ulu Öndər kimi dahi insanın fəaliyyətinə, keçdiyi ömür yoluna nəzər salanda aydın görürük ki, O, bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri arasında öz layiqli yerini tutmuşdur. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı bütün həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır.

Ulu Öndərin müdrik siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Bu gün Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı yolunda əvəzsiz tarixi xidmətlərini nəzərə alaraq, milli dövlətçilik ideyasının bərqərar olması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə misilsiz töhfələr vermiş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqımızın qəlbində əbədiyaşarlıq qazanmışdır.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

Böyük Qayıdış strategiyası.

Vətən müharibəsində Azərbaycan Ordusunun möhtəşəm qələbəsi Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu hərbi strategiyasının nəticəsidir. Düşmən tapdağı altında uzun illər qalan torpaqlarımızın işğaldan azad edilməsi müasir Azərbaycan tarixinin ən parlaq qələbəsidir.

Doğma yurdlarından məcburi köçkün olmuş əhalinin işğaldan azad olunan ərazilərə köçrülməsi üçün yenidən sosial infrastrukturun qurulması və əhalinin işlə təmin olunması üçün dövlət investisiyası ilə yanaşı, yeni və xarici investisiya da cəlb edilir. Böyük quruculuq işlərinə dost ölkələrin təşviq olunması siyasəti Azərbaycanın Beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir.

Hazırda qarşıda duran ən vacib məsələ “Böyük Qayıdış” strategiyası vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasını və həmin ərazilərin ölkənin iqtisadi sisteminə inteqrasiyasını reallaşdırmaqdır. Azərbaycan Ordusunun həyata keçirdiyi əks hücum əməliyyatları ilə əldə olunan parlaq Qələbə nəticəsində işğaldan azad olunmuş ərazilərdə həyatın canlanmasını təmin etməkdir. Azərbaycan Prezidenti bu torpaqlarda bütün işlərin ardıcıllıqla həyata keçiriləcəyini bildirib. Artıq bərpa-quruculuq işlərinə başlanılıb.

Vətən müharibəsi zamanı daima Azərbaycanın yanında olan İtaliyanın özəl qurumları da Qarabağda aparılacaq bərpa prosesində iştirak edirlər. Böyük Britaniya şirkətləri də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələrə qoşulublar. Bununla da Qarabağda həyata keçiriləcək layihələrə nüfuzlu dövlətlərin şirkətlərinin qoşulması nəticəsində işğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurulması ilə yanaşı Qarabağ güclü iqtisadiyyata malik regiona çeviriləcəkdir.
Bu uğurlar Prezident cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin alternativsizliyini və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin mənafeyini əks etdirdiyini, Azərbaycanın dünya miqyasında nüfuzunun artmasını, həm də ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrildiyini bir daha göstərir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Tavad Qurbanova

 

 

Müstəqillik tarixinin qızıl səhifəsi.

Tarixi proseslər, hadisələr deməyə əsas verir ki, müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanda daxili ictimai-siyasi sabitlik möhkəmlənməyə başladı. Azərbaycanın dünyanın bir çox ölkələri ilə iqtisadi əlaqələri quruldu. 1994-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti ilə bir çox böyük şirkətlər arasında imzalanmış “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının inkişafına təkan verdi və gələcək layihələr üçün yol açdı. Azərbaycanın müstəqil dövlət kimi ilk Konstitusiyası qəbul edildi. Ölkədə iqtisadi, siyasi, sosial, mədəni və digər sahələrdə islahatlar aparıldı, dövlətimiz sürətli inkişaf yoluna qədəm qoydu. Düşünülmüş və uzaqgörən siyasət nəticəsində Azərbaycan dövləti iqtisadi və siyasi böhrandan çıxmış oldu. İqtisadi, sosial, ictimai həyatda aparılan islahatlarla yanaşı Azərbaycanın milli ordusu – Silahlı Qüvvələr yaradıldı.

Ümummilli Liderin hərtərəfli uzaqgörən siyasətini bugünkü gündə Prezident cənab İlham Əliyev uğurla davam etdirməkdədir. Ölkə başçısının diqqət və qayğısı sayəsində maddi-sosial və texniki cəhətdən təchiz olunmuş, ən müasir silahlarla silahlanıb, dünyanın 50 ən güclü orduları sırasında özünə layiqli yer tutan Azərbaycan Ordusu formalaşıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələrin ən başlıca səbəbi Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik, döyüşçülərimizin qəhrəmanlığı, vətənpərvərliyi, ruh yüksəkliyi idi. Qırx dörd günlük müharibədə məğlub olan Ermənistanın Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməsi, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları Bəyanat da məhz düşmən ölkənin kapitulyasiyasının ifadəsi və Azərbaycan dövlətinin birmənalı qələbəsinin göstəricisi oldu.

Azərbaycan işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına müharibə başa çatdıqdan dərhal sonra başladı. Artıq ərazi bütövlüyünü təmin edən Azərbaycan vətəndaşları öz torpaqlarına geri dönür. Əminliklə deyə bilərik ki, bu dönüş möhtəşəm olacaq və işğaldan azad edilmiş ərazilərimiz ən qısa vaxtda öz inkişafları ilə yeni nümunələr yaradacaqlar. Bir sözlə, bu gün məhz Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun böyük uğurla davam etdirilməsi nəticəsində möhtəşəm tarixi zəfərə imza atıldı. Ümummilli Liderin ən böyük arzusu gerçəkləşdi – Azərbaycanın ərazi bütövlüyünün bərpa edildi!

Zərdab Rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova