2024-cü ilin dövlət büdcəsi nə qədər olacaq? - Elnur Allahverdiyev

 Elnur Allahverdiyev

 

SİYASƏT 14.11.2023 1645

  •  
  •  
  •  
  •  

Milli Məclisin komitələrində aparılan ənənəvi büdcə müzakirələrində biz 2023-cü ilin 9 ayında bütün makroiqtisadi göstəricilərdə artım müşahidə olunduğunu gördük. Bu tendensiyanın 2024-cü ildə də davam edəcəyi bizi sevindirməyə bilməz. ÜDM-in gələn il ərzində artımı 4 % proqnozlaşdırılır. Qeyri-neft sektorunda ÜDM artımı 2023-cü ildə 3% olubsa, proqnoza görə 2024-cü ildə 6% olacaq. İdxal olunan inflyasiya səviyyəsinin idarə olunan hala gətirilməsi və ilin sonuna kimi 9.5% olacağının proqnozlaşdırılması bugünkü qeyri-sabit dünya reallığında olduqca müsbət haldır.

Xalqın .Az xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Elnur Allahverdiyev deyib. 

Onun sözlərinə görə,  gələn ilin büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat proqnozlaşdırılır:

"Hökumətin atdığı addımlar və əldə etdiyi nəticələr bir çox qonşu ölkələrlə müqayisədə daha uğurludur. 2024-cü ilin büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat proqnozlaşdırılır ki, bu, ötən ilin göstəricisi ilə 0,8% və yaxud 282,5 milyon manat çoxdur. Düşünürəm ki, həm bizim, həm də bütövlükdə əhalinin daha çox diqqətinə səbəb olan məqam məhz budur: bizim dövlət büdcəmizdə ciddi artım göstəriciləri ənənə halını alıb və bu, qarşımızda duran bir sıra müxtəlifyönümlü problemlərin həllinə yönələn xərcləri artırmağımıza imkan verir. 2024-cü ilin dövlət büdcəsinin layihəsində sosial müdafiə və sosial təminat xərclərinin bu cari illə müqayisədə 7%, yaxud 1 milyard 34 milyon artması bunun əyani nümunəsidir. Təhsil xərcləri 3,2% və ya 143 milyon manat artacaq. Müdafiə və milli təhlükəsizlik xərclərinin 6% və yaxud 366 milyon manat artırılması və Böyük Qayıdışın təmin edilməsi üzrə 4 milyard manat əsaslı xərclər nəzərdə tutulur. 

Bu il Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qalib ordumuz bütün ərazimiz boyunca suverenliyimizi təmin etdi, Azərbaycan ərazisində 30 il ərzində kök salmış separatizmə son qoyuldu. Beləliklə, işğaldan azad olunmuş ərazilərimizin milli iqtisadiyyatımıza reinteqrasiyası özünü istehsal sferasında göstərəcək, bu isə iqtisadi potensialımıza əlavə güc qatacaq. Eyni zamanda, ev-eşiyinə dönən əhalinin yerlərdə yaradılmış yeni məşğuliyyət sahələrinə cəlb olunmaları məşğulluğa müsbət təsiri edəcək. 

Mən ötən illərdəki müzakirələrdə də bu məqamın üzərində xüsusi dayanmışam: qeyri-neft sektoru üzrə gəlirlərin yarıdan çoxunun vergi ödəmələri hesabına təmin edilməsi ölkədə aparılan vergi islahatlarınının özünü doğrultduğunun bariz göstəricisidir. Bu il bu göstəricinin qeyri-neft sektoru gəlirlərindəki payı 58% təşkil edir. Bütün bunlar həm şəffaflaşma işlərinin nəticəsidir, həm vergi mədəniyyətinin yüksəlməsidir, həm də onu göstərir ki, belə yüksək nəticəyə nail olmaq məcburetmə vasitələri olmadan da mümkündür.

2024-cü ildə dövlət büdcəsi xərclərinin 43 faizi və ya 16 milyarda manata yaxın hissəsi sosialyönümlü xərclərə yönələcək. Komitələrdə müzakirələrdə demişəm,  cari ildə parlamentin qəbul etdiyi yeni qanunlar və mövcud qanunlara dəyişikliklərin bir çoxu 1 yanvar 2024-cü ildən qüvvəyə minəcək ki, bu da bir çox sahələr üzrə öz müsbət effektini göstərəcək. Vergi və gömrük güzəştlərinin tətbiqi stimulverici effekt yaradacaq. Sahibkarlıq fəaliyyəti sahəsində vergi güzəştlərinin tətbiqi, bir sıra sahələrdə əmlak və torpaq vergisi üzrə müddətli azad olunma, əmlak vergisi üzrə vergi təşviqinin verilməsi həyata keçiriləcək, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması baş verəcəkdir.

Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi kimi strateji istiqamətlərin üzərində dayanmaq istəyirəm. Ölkəmiz aqrar potensialı yüksək olan ölkədir, əhalinin ərzaq məhsulları ilə təminatının daxili istehsal hesabına ödənilməsi olduqca əhəmiyyətli məsələdir. Məsələn, kənd təsərrüfatı məhsullarının istehsalının tək işğaldan azad olunmuş torpaqlar hesabına 8-10 faiz artacağı gözlənilir. Bu baxımdan, kənd təsərrüfatını daha da inkişaf etdirilməli, bu sahəyə fikrimcə, diqqət yetirməliyik. Ölkə hüdudlarından kənara baxsaq, bütün dünyada aqrar problemlər, ərzaq təhlükəsizliyi sahəsindəki vəziyyət qeyri-sabit və seysmikdir. Bir tək Rusiya-Ukrayna müharibəsinin bu sahədəki qlobal çətinliklərə təsirini görmək kifayətdir. Bu mənada Kənd Təsərrüfatı Nazirliyinin üzərinə çox fəal işlər düşür. Əlbəttə, müəyyən irəliləyişlər var, amma görüləsi işlər daha çoxdur.

Çıxışımın sonunda fikrimcə, kifayət qədər önəmli məqama toxunmaq istəyirəm. Biz qeyd olunduğu kimi, ərazi bütövlüyümüzü bərpa etmişik və işğalçını ölkəmizdən qovmuşuq. Müharibə bitib. Ancaq hərbi əməliyyatlar sona çatsa da, təbliğati və diplomatik mübarizə davam edir. Biz görürük ki, Ermənistanın rəsmi şəxsləri acı kapitulyasiyaya baxmayaraq hələ də müxtəlif beynəlxalq platformalarda bizə qarşı təxribatlara, qaryaxmalara yol verirlər və dövlətimizin imicini hər yolla ləkələmək istəyirlər. Biz bu yalanlara sinə gərməliyik, Ermənistanı döyüş meydanında olduğu kimi, bu müstəvidə də üstələməliyik. Təbii ki, bütün bunlar hücum diplomatiyası və xarici ölkələrdəki səfirliklərimizə, diasporumuza dəstək vasitəsilə edilməlidir. Bütün bunlar əlavə xərclər tələb edir, ancaq ortada milli maraqlar və dövlətimizin reputasiyası varsa, düşünürəm ki, bu istiqamətə yönələcək əlavə vəsaitin tapılması maddi imkanlarımız nəzərə alınmaqla müşkül məsələ olmamalıdır. Fikrimcə, hökumətimiz bu mənbələr üzərində işləyə bilər. Biz heç bir platformada xalqımızın əldə etdiyi bu tarixi qələbənin üzərinə kölgə salınması cəhdlərinə imkan verə bilmərik və verməyəcəyik.

Büdcə layihəsinə səs verəcəyəm və həmkarlarımı dəstək verməyə səsləyirəm".