28 may ikiqat bayramdır

28 may ikiqat bayramdır

28 may Azərbaycan tarixi üçün çox əlamətdardır. Azərbaycan Xalq Cümhuriyyətimizin qurulduğu tarix, deyərdim, dövlətçilik baxımından müqəddəs gün dəyərindədir. Əgər inansaq ki, bu aləmdə təsadüf yoxdur, təvafüqlük vardır – o zaman, qardaş Türkiyədə Cümhurbaşqanı seçkisinin həlledici mərhələsinin də 28 maya düşməsi çox anlamlı və əlamətdardır. Bu, Türkiyədə son onilliklərin bəlkə də ən önəmli Cümhurbaşqanı seçkisidir. 14 mayda namizədlərdən heç biri tam qələbəni təmin edə bilməsə də, həmin günkü seçkinin qalibi bütövlükdə türk xalqı, Türkiyə Cümhuriyyəti oldu. 28 mayda keçiriləcək ikinci turda kimin qalib gəlməsi qardaş ölkənin Cümhuriyyət tarixinin əlamətdar 100-cü ildönümündə çox önəmli, taleyüklü hadisə olacaqdır. Əlbəttə, iki namizəddən hansı qalib gəlsə də, qardaş ölkənin xarici siyasətini, ideoloji-siyasi xəttini, dünyada söz sahibi olma kursunu köklü dəyişə bilməyəcək. Olsa-olsa, nələrsə bir az gec-bir az tez ola bilər. Lakin heç kəsə sirr deyil ki, Türkiyənin əvəzsiz qardaşı Azərbaycanda da qardaşlıq hüququ ilə xoşməramlı bir seçki keçirilmiş olsaydı, Türkiyə Cümhurbaşqanı postuna ən çox səsi Ərdoğan qazanardı. Məhz Ərdoğanın Cümhurbaşqanlığı dönəmində, Cümhur İttifaqının mövcudluğu ortamında Türkiyənin Azərbaycana qardaşlıq, dostluq, qonşuluq, strateji tərəfdaşlıq diqqəti daha da artdı, yüksək zirvəyə çatdı. Bu zirvə 15 iyun 2021-ci ildə “Şuşa Bəyannaməsi” ilə taclandırıldı. 44 günlük müharibədə Ərdoğanın, onun hökumətinin, bütövlükdə türk dövləti və xalqının bizim haqq işimizə verdiyi əvəzsiz mənəvi, siyasi-diplomatik dəstək unudulmazdır. Biz bir qədirbilən xalq kimi bu əvəzsiz dəstəyi dərindən idrak edir, dəyərləndiririk.

Ərdoğanın qalib gələcəyi, qardaş ölkədəki siyasi prosesləri izləyənlər üçün sual mövzusu deyil, məncə. ATA İttifaqının Cümhurbaşqanlığına namizədi Sinan Oğanın da öz dəstəyini ifadə etməsi, habelə, Kılıçdaroğlunun Millət İttifaqında, o ittifaqın üzvü olan qurumların öz içində təlatümlərin yaşanması, habelə Böyük Milllət Məclisinə seçkilərdə Cümhur İttifaqının parlaq qələbəsi dediklərimizin əyani sübutudur.

Ayrıca, Ərdoğana cəmi 1 faizdən də az səs yetərliydi ki, I turda qalib olsun – o fərqi, demokratik seçkilər zəminində qapatmaq, 5 faizlik kəsiri olan Kılıçdaroğlunun aradakı fərqi qapatmasından qat-qat rahat, həlli müşkül olmayan məsələdir.

Biz Türkiyəni sevirik, Türkiyənin daha da güclənməsini istəyirik, Türkiyədəki seçkilərə hər hansı formada qarışmırıq, amma “könüldən gələn göyçək olar” deyiblər, könlümüzdən keçənləri deyirik və qardaşımıza uğurlar diləyirik!

 Ələddin Zeynalov

Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı