ABŞ-nin son zamanlar Azərbaycana qarşı daha da fəallaşan qərəzli siyasəti, ittihamları qəbuledilməzdir. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sülhün əldə olunması istiqamətində danışıqlarda vasitəçilik edərək Cənubi Qafqazda guya sabitliyin yaranmasının təşəbbüskarı olan Amerika, əslində, regionda gərginliyin daha da artmasına rəvac verir.
Hələ 1992-ci ildə "Azadlığa dəstək haqqında" akta əlavə edilən 907-ci düzəlişlə Vaşinqton iç üzünü aydınlığı ilə ortaya qoymuşdu. Amma 2020-ci ildə Azərbaycanın hərb yolu ilə öz torpaqlarını işğaldan azad etməsi, bu ilin sentyabrında antiterror tədbirləri keçirərək suverenliyini tam təmin etməsi müəyyən dövlətlərin "maraq"larına uyğun olmadığı üçün onlar da dərhal "fəaliyyət"ə keçiblər. Müxtəlif istiqamətlərdə ölkəmizə qarşı qarayaxma kampaniyaları aparır, bu azmış kimi ölkəmizi etnik təmizləmədə də günahlandırmaq istəyirlər.
"Sülhpərvər" ABŞ Azərbaycanla heç nəyin normal olmayacağı ilə bağlı bizi hədələyir. Hətta bunu ölkəmizin "sülh cığırı"nda olmaması ilə əlaqələndirir.
Azərbaycana qarşı davamlı qərəzli, ədalətsiz yanaşmaların, ABŞ Senatının erməniləri müdafiə aktı ilə bağlı qəbul etdiyi qərara dair Milli Məclis tərəfindən də bəyanat qəbul edilib. Bəyanatda Milli Məclis bu il noyabrın 15-də ABŞ Senatının "2023-cü il erməniləri müdafiə aktı" qəbul etməsinə qəti etirazını bildirib və ölkəmizi hədəf alan bu hərəkəti şiddətlə qınayıb.
Qeyd olunub ki, ABŞ Nümayəndələr Palatasının Xarici işlər komitəsinin Avropa üzrə altkomitəsində keçirilmiş dinləmələr, orada ölkəmiz əleyhinə səslənən çıxışlar, ümumiyyətlə, son dövrdə ABŞ dövlət rəsmilərinin Azərbaycana qarşı ifadə etdikləri qərəzli fikirlər iki ölkə arasında strateji münasibətlərə ciddi zərbə kimi qiymətləndirilir. Sözügedən aktın qəbul edilməsi və Azərbaycana qarşı irəli sürülən əsassız ittihamlar regionda sülh və sabitlik yaradılması səylərinə ciddi maneçilik törədir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Jalə Əliyeva "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, ABŞ Senatının qərarı ilə bağlı Milli Məclisdə müzakirələr nəticəsində qəbul olunan bəyanat Azərbaycanın haqlı mövqeyini bir daha sərgiləyib.
Deputat qeyd edib ki, əslində, Amerika, Fransa 30 illik münaqişə dövründə heç zaman ədalətin, haqqın yanında olmayıblar: "Bu dövlətlər heç vaxt Azərbaycanın yanında olmayıb və onların həmsədrliyi ilə yaradılan ATƏT-in keçmiş Minsk qrupu da öz fəaliyyətsizliyi ilə bu münaqişənin nəhayətdə müharibə yolu ilə həllinə rəvac verib.
Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, son çarə tükənənə qədər biz bu problemin danışıqlar masası arxasında həllinə çalışacağıq. Lakin bu, mümkün olmazsa, Azərbaycanın hərb yolu ilə öz torpaqlarının hər qarışını düşmən tapdağından azad etməyə imkanı, gücü, qüvvəsi var. Biz bunu həm 44 günlük Vətən müharibəsində, həm iki ay bundan əvvəl həyata keçirilmiş 23 saatlıq antiterror tədbirləri vaxtı, həm də Aprel döyüşlərində sübut etdik. Azərbaycan Ordusunun gücünü, xalqın iradəsini və ordusunun yanında olduğunu, Azərbaycan dövlətinin güclü siyasətini bir daha nümayiş etdirdik".
J.Əliyeva deyib ki, sırf ermənilərə xoş olsun deyə ABŞ və bəzi Qərb dairələrinin ermənipərəst mövqeyi, məsələlərə erməni diasporu, erməni mövqeyindən yanaşması, nə Konqresə, nə də digər dövlətlərə başucalığı gətirir. ABŞ son qərarlarıyla, addımlarıyla ədalətin, haqqın deyil, nahaqqın yanında, xeyirin deyil, şərin yanında olduğunu bir daha göstərmiş oldu. Bununla özlərinin bölücü, irqçi, milliyyətçi siyasətlərini bir daha göstərdilər.
Deputat düşünür ki, Azərbaycan parlamentinin qəbul etdiyi bəyanat sadəcə Milli Məclisin, deputatların deyil, eyni zamanda xalqın və dövlətin mövqeyini ortaya qoyub.