“Dünən Prezident İlham Əliyev və vitse-prezident, birinci xanım Mehriban Əliyevanın iştirakı ilə İsmayıllıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “DOST EVİ” filialının açılışı baş tutdu. Bu xüsusda bir daha DOST layihəsinin vacibliyini anlamış olduq”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.
Deputat bildirib ki, bu cür tədbirlərin görülməsi Azərbaycanın bölgələrində də insanlara xidmət, insan amilinin dəyərləndirilməsi və insan həyatının asanlaşdırılması, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində sosial sahədə son illərdə atılan inqilabi addımların davamı kimi dəyərləndirilməlidir: “Ölkə Prezidentinin də hər zaman söylədiyi kimi ölkəmizdə insan kapitalına verilən böyük dəyərin, göstərilən diqqət hər zaman pirioritet məsələ olaraq qalacaq.
Bu filialın açılması bundan sonra həmin bölgədə yaşayan minlərlə, on minlərlə insanın qarşılaşdığı sosial yönümlü bir çox problemlərin həll olması üçün şəraitin yaradılması deməkdir. Artıq yaranan hər hansı bir problemlə bağlı paytaxta gəlməyə ehtiyac qalmır. Bu cür layihələrin, sosial xidmət mərkəzlərinin bölgələrdə sayı artdıqca insanların həyat şəraiti daha da yüksəlir və məsələlərin həll olunması mexanizmi daha da asanlaşdırılır”.