Avropa özünə alternativ enerji axtarışındadır

Avropa özünə alternativ enerji axtarışındadır

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – Caspian Oil&Gas və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – Caspian Power sərgilərinin ölkəmizin energetika sektorunun inkişafında xüsusi əhəmiyyəti var. Sərgilərin əhəmiyyəti Prezident İlham Əliyevin çıxışında da öz əksini geniş formada tapdı. Diqqətçəkən əsas və vacib məqamlardan biri də ABŞ, Böyük Britaniya, xüsusilə Avropa İttifaqının bu tədbirdə böyük tərkibdə təmsil olunması idi. Bu da Ulu Öndərin qurduğu neft strategiyasının məntiqi nəticəsi olaraq Azərbaycanın qərb ölkələri üçün nə qədər əhəmiyyətli bir tərəfdaşa çevrilməsinin göstəricisidir. “Əsrin müqaviləsi”nin imzalanmasından keçən 30 il ərzində Azərbaycan həyata keçirdiyi uğurlu siyasət nəticəsində özünə etibarlı tərəfdaşlar qazanıb. Qazanılmış uğurlar sözsüz ki, Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da artmasına səbəb olub, bu da öz növbəsində iqtisadiyyatımızın dayanıqlı inkişafını şərtləndirən vacib amillərdəndir.

Avropa özünə alternativ enerji axtarışındadır. Bu səbəbdən də qərbdən qaz təchizatının artırılması ilə bağlı çağırışlar edilir ki, bu da milli maraqlarımıza tam uyğundur. Çünki, əlavə ixrac ölkəyə əlavə valyuta axını deməkdir.

Azərbaycan özünün təbii ehtiyatları hesabına, həm də qonşu ölkələrdəki, o cümlədən Orta Asiyadakı qaz ehtiyatlarını öz ərazisindən nəql etməklə iqtisadi və siyasi dividend əldə edəcək: “Əlbəttə ki, bu məsələdə yeni yatırımlara ehtiyacın olması mütləqdir. Bunun üçün də bir sıra aparıcı ölkələrlə strateji tərəfdaşlığa dair anlaşma memorandumları imzalanıb”.

Yaradılmış nəhəng enerji infrastrukturu Avrasiyanın enerji xəritəsini dəyişdirib və Azərbaycanı qərb ölkələri üçün vacib tərəfdaşa çevirib. Enerji tərəfdaşlığında neft və qazdan sonra, bərpaolunan enerjinin Azərbaycan üzərindən Avropaya ixrac edilməsi də diqqət mərkəzindədir. Xəzər dənizinin Azərbaycan sektorunda əldə edilən elektrik enerjisinin yeraltı kabel xətləri ilə Avropaya ötürülməsi nəzərdə tutulur ki, bu da layihə çərçivəsində qiqavat “yaşıl enerji” deməkdir. Bu sahənin inkişaf etdirilməsi üçün böyük miqdarda investisiya tələb olunur. Azərbaycanın əldə etdiyi uğurlar və etibarlı tərəfdaşlar sayəsində bu sahəyə gələcəkdə böyük investisiya yatırılacaq və ölkəmiz şaxələndirilmiş enerji mənbələrində əhəmiyyətli çəkiyə malik olacaq.

Hüseyn bildirib ki, hələ 1994-cü ildə Birinci Qarabağ müharibəsindən yeni çıxmış ölkəyə xarici investorlar tərəfindən investisiya yatırılmırdı, çünki müharibə gedən ölkədə heç bir investor biznes infrastrukturu yaratmağa maraqlı deyildi: “Bütün bunlara baxmayaraq, Ümummilli Lider Heydər Əliyevin və onun siyasətini davam etdirən Prezident İlham Əliyevin yorulmaz səyləri nəticəsində Azərbaycan keçən 30 il ərzində ölkəyə kifayət qədər investorlar cəlb etdi və nəhayət Azərbaycanı Avrasiyasının enerji xəritəsini dəyişdirəcək səviyyəyə çıxardı. Bundan başqa, bərpa edilən enerji üçün ölkəyə investisiya axını gələcək və Azərbaycan bir neçə illər sonra həm “yaşıl enerji”, həm də neft və qaz üzrə Avropanın enerji təhlükəsizliyində daha vacib tərəfdaşa çevriləcək”.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

 

Prezident İlham Əliyev sərgidə qlobal enerji sektorunun bundan sonrakı gələcəyi ilə bağlı mühüm konturları açıqlayıb

Azərbaycan hazırda dünya səviyyəli forumların və tədbirlərin keçirildiyi əsas ölkələrdən birinə çevrilib. Hər il ölkəmizdə bütün dünyanın maraqla gözlədiyi forumlar, iclaslar, sərgilər keçirilir. Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgiləri indi xüsusi əhəmiyyətə malikdir. Pandemiyanın iqtisadi təsirlərinin tam olaraq aradan qalxmamağı, müharibələrin dünya iqtisadiyyatına yaratdığı psixoloji təzyiqlər fonunda belə tədbirlərin xüsusi önəmi var.

Prezident İlham Əliyev sərgidə qlobal enerji sektorunun bundan sonrakı gələcəyi ilə bağlı mühüm konturları açıqlayıb. Dövlətimizin başçısı təkcə hazırkı mövqeyimizi deyil, həm də gələcək potensial layihələrin də anonsunu verdi. Bəlli oldu ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru ilə Azərbaycan Bolqarıstana da qaz nəql edəcək. Rumıniya artıq bu əməkdaşlıq formatının üzvüdür. Beləliklə, Mərkəzi və Şərqi Avropadan Orta Asiyaya, Ərəb dünyasından ABŞ, Britaniya, Çinə qədər bir çox coğrafiyalardan Azərbaycanın siyasi və iqtisadi imkanlarına, Prezident İlham Əliyevin mövqeyinə böyük simpatiyanı müşahidə edirik.

ABŞ Prezidenti və Britaniya Baş nazirinin müraciətləri hazırda bütün dünyanın diqqətinin Bakıya yönəldiyini göstərir. Cozef Baydenin məktubunda ölkəmizin dünyəvi ekoloji məsuliyyət şüurundakı roluna da ayrıca dəyər verildi. Azərbaycan bu gün təkcə ənənəvi enerji məhsulları ilə deyil, alternativ enerji imkanları ilə də ciddi rəğbət qazanır. C.Baydenin məktubda vurğuladığı məqama da diqqət edilməlidir. “Azərbaycan təhlükəsiz enerji təchizatına olan tələbatın ödənilməsinə yardım etməkdədir – buraya Cənub Qaz Dəhlizi daxil olmaqla, Orta Dəhlizin inkişafı və enerji çevikliyini gücləndirən enerjinin şaxələndirilməsinin artırılması daxildir. Qlobal iqlim məqsədlərinə nail olmaq üçün Azərbaycanın səyləri, o cümlədən bərpaolunan enerjinin inkişafının artırılmasına və enerji səmərəliliyinin gücləndirilməsinə dair təşəbbüslər məni sevindirir”, – deyən C.Bayden ABŞ-Azərbaycan münasibətlərinin bundan sonrakı inkişafına da işarə edir.

Azərbaycanın qlobal enerji bazarında əhəmiyyətinin yüksəlməsi bir reallıqdır. Bu xüsusiyyətlərimiz ilə yaxın dövrün iqtisadi layihələri Azərbaycansız mümkün olmayacaq.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Ulu Öndər Heydər Əliyevin neft strategiyasını reallaşdırmaq üçün hansı çətinliklərdən keçməli, hansı nüfuzlu dairələrin müqavimətini qırmalı olduğunu indi yalnız təxmin edə bilərik

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi artıq üçüncü onillikdir ki, dünyanın aparıcı şirkətləri arasında  əhəmiyyətli əməkdaşlıq platformasına çevrilib. Mayın 31-də Bakıda keçirilən 28-ci Sərgidə 35 ölkəni təmsil edən 320 şirkət iştirak edirdi. “Caspian Oil&Gas” sərgisi və onunla eyni vaxtda təşkil olunmuş 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji- “Caspian Power” platforması ölkəmizin bu illər ərzində əldə etdiyi uğurları nümayiş etdirməklə yanaşı, aparıcı şirkətlər arasında faydalı əlaqələrin qurulmasına yeni imkanlar yaratdı. Azərbaycan Prezidentinin ənənəvi olaraq Sərginin açılış mərasimində iştirakı bu platformanın yüksək statusunu bir daha təsdiq etdi. Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında platforma qurulanadək  ölkəmizin və tərəfdaşlarımızın üzləşdiyi çətinlikləri yada saldı və bugünkü uğurların arxasında Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinin dayandığını xüsusi olaraq vurğuladı: “Biz 1994-cü ildə neft strategiyamızın-Ulu Öndər Heydər Əliyevin neft strategiyasının astanasındaydıq. Bu il biz müasir Azərbaycanın yaradıcısı Ulu Öndərin 100 yaşını qeyd edirik. 1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi və həmin il məhz “Əsrin müqaviləsi” imzalandı ki, o, ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və əlbəttə ki, Azərbaycanın firəvan gələcəyinin təməli qoyuldu”.

Dövlətimizin başçısı onu da yada saldı ki, həmin dövrə qədər torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi, milyondan artıq soydaşımızın qaçqın-köçkün vəziyyətinə düşməsi, ölkəmizin vətəndaş qarşıdurmasına sürüklənməsi nəhəng investorların tərəddüdünə səbəb olmuşdu. Azərbaycan Prezidenti diplomatik dilin nəzakət üslubuna uyğun şəkildə onu da xatırlatdı ki, artıq 30 illik tərəfdaşımız olan BP şirkətini, eləcə də ilk konsorsiumun ovaxtkı üzvlərini Azərbaycana gətirmək böyük səylər tələb etdi. Bu da səbəbsiz deyildi. Prezident İlham Əliyev  həmin səbəblərin bir qismini yada saldı: “Yəni, o zaman Azərbaycan olduqca riskli bir məkan sayılırdı, müstəqilliyini yeni əldə etmişdi, müstəqilliyimizin 3 yaşı var idi və əlbəttə ki, bir çox insan Azərbaycan haqqında məlumata malik deyildi, ölkəmizin harada yerləşdiyini bilmirdi və ölkəmiz keçid dövründə idi, sovet sistemindən bazar iqtisadiyyatına keçid dövrünü yaşayırdı”.

Bütün bunlara ölkəmizin dirçəlməsini  istəməyən bədxah dairələrin məqsədli maneələrini, təzyiq və təhdidlərini, eləcə də onların qardaş Türkiyəni layihədən kənarda saxlamaq cəhdlərini əlavə etsək, Ulu Öndər Heydər Əliyevin neft strategiyasını reallaşdırmaq üçün hansı çətinliklərdən keçməli, hansı nüfuzlu dairələrin müqavimətini qırmalı olduğunu indi yalnız təxmin edə bilərik. Çünki Ulu Öndərin  həmin dövrdə təməlini atdığı neft strategiyası ölkəmizin inkişafı ilə yanaşı, müasir Azərbaycanın iqtisadi müstəqilliyinin bünövrəsini də qoyurdu. O vaxt iqtisadi müstəqilliyimizin təməli atılmasaydı və bu strategiya 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirilməsəydi, bu gün siyasi müstəqilliyimizdən danışmaq olduqca çətin, bəlkə də mümkünsüz olardı. Xaricdəki məlum bədxahlarımız və onların gəzişdiyi notlarda oynamaqda davam edən radikal müxalifətin ayrı-ayrı nümayəndələri dil boğaza qoymadan hələ də iddia edirlər ki, uğurlarımıza görə yalnız təbii sərvətlərimizə borcluyuq. Bu, həmin siyasət xəsislərinin  həqiqətə söykənməyən və ictimai fikri çaşdırmağa hesablanmış çoxsaylı uydurmalarından biridir.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Azərbaycandan qat-qat zəngin ölkələr var, amma bu, onlara uğur, rifah və müstəqillik gətirmədi.

Yaxın Şərq nümunələrinə diqqət yetirmək bu iddianın nə qədər qərəzli və absurd olduğunu görmək üçün yetərlidir. Liviyanın, İraqın təbii sərvətləri ölkəmizin təbii resurslarından dəfələrlə çox idi. Bəs, nə oldu? İndi həmin ölkələrin təbii sərvətləri və iqtisadi inkişaf imkanları deyil, yalnız viran qalmış coğrafiya və tökülən qardaş qanı yada düşür. Bədxahlarımız qalsın bir tərəfdə. Amma bu reallığı görməyən  və ya görmək istəməyən öz içərimizdəki siyasət uğursuzlarının nəzərinə mayın 30-da öləmizə rəsmi səfər edən İsrail Dövlətinin  Prezidenti İsxak Hersoqun  mövqeyini çatdırmaq tam yerinə düşür: “Bizim ortaq baxışımız var, mən Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu görürəm”.  Mayn 31-də Bakıda səfərdə olan ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində lider mövqeyə yüksəldiyini xüsusi qeyd etdi. ABŞ Prezidenti Cozef Baydenin və Böyük Britaniyanın Baş naziri Rişi Sunakın 28-ci Beynəlxalq Xəzər Neft-Qaz sərgisi  ilə bağlı Prezident İlham Əliyevə ünvanladıqları məktublarda qeyd olunmuş yüksək səviyyəli fikirlər müasir Azərbaycanın dünyanın yenidən qurulan təhlükəsizlik arxitekturasında  hansı əhəmiyyətli mövqeyə yüksəldiyinə dəlalət edir. Bu nailiyyətin arxasında təbii resurslardan yalnız dövlət maraqlarımıza uyğun səviyyədə istifadəyə təminat verən Azərbayvan Prezidentinin qətiyyətli siyasi iradəsi dayanır. Baxmayaraq ki, bu nəticəyə mane olmaq istəyən bədxahlarımızla yanaşı, iqtisadi rəqiblik səbəbindən müqavimət göstərən çoxsaylı, bizdən də böyük neft-qaz potensialı olan ölkələr olub. Ona görə də müasir Azərbaycanın uğurlarını həzm edə bilməyən bədxahlarımıza, xüsusən də öz içərimizdən olub həqiqətləri görə və ölkəmizin uğurlarına sevinə bilməyənlərin nəzərinə ABŞ Prezidenti Cozef Baydenin məktubundan bu misraları çatdırmaq istərdim: “Bu tədbir ölkələrimizin təhlükəsiz və təmiz enerji ilə bağlı gələcəyə birgə sadiqliyini vurğulayır. Azərbaycan bu səylərin həyata keçirilməsində vacib rol oynayır”.

 Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

Azərbaycan regionda və region xaricində enerji təhlükəsizliyinin gücləndirilməsində davamlı tərəfdaşdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mayın 31-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışında iştirak edərək mərasimdə geniş çıxış edib. Prezident öz çıxışında bildirib ki, Bakı Enerji Həftəsi enerji sektorunda keçirilən aparıcı beynəlxalq tədbirlərdən biridir. Tədbirin əhəmiyyətini nəzərə alan ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Rişi Sunak tədbir iştirakçılarına təbrik teleqramları göndəriblər. Dövlət başçısı əminliklə vurğulayıb ki, “Bakı Enerji Həftəsi” enerji təhlükəsizliyi üzrə qlobal əməkdaşlığa dair dialoqu daha da gücləndirəcək: “Ənənəvi olaraq hər il keçirilən bu tədbir qlobal enerji təhlükəsizliyinin təmini, alternativ və bərpa olunan enerji potensialı, o cümlədən “yaşıl enerji” layihələrinin təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsi, habelə enerji mənbələrinin şaxələndirilməsi istiqamətində müzakirələr üçün bir fürsətdir”.

Hazırda Azərbaycan regionda və region xaricində enerji təhlükəsizliyinin gücləndirilməsində davamlı tərəfdaşdır. Avropa üçün enerji tərəfdaşının etibarlılığı hər şeydən əhəmiyyətlidir və Azərbaycanın artan nüfuzu və müasir beynəlxalq münasibətlər sistemində güclənən mövqeyinin göstəricisidir. Bu gün Avropa üçün alacağı enerji resursunun özündən daha əhəmiyyətlisi tərəfdaşının etibarlılığı və təchizatçı regionda sabitliyin dayanıqlı olmasıdır. İyirmi ilə yaxın Prezident İlham Əliyevlə birbaşa təmaslar Azərbaycan liderini Avropada sözü və imzası bir şəxsiyyət kimi tanıdıb. Eyni zamanda hətta müharibə şəraiti belə Azərbaycanın neft-qaz təchizatçısı kimi heç bir öhdəliyinə maneə yarada bilməyib. İlham Əliyevin nail olduğu daxili stabillik möhkəmdir və Azərbaycanın öhdəliklərinin icrası ilə bağlı heç bir problem yoxdur. Ən vacibi isə Azərbaycan müstəqil iradə sahibidir, yəni sərvətləri üzərində Azərbaycan Respublikası özü qərar sahibidir.

İndi Azərbaycanın yüksək səviyyəli mötəbər tədbirlərin məkanına çevrilməsi realllıqdır və bu da dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan xəbər verir. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Çünki Azərbaycan dünyanın ən nüfuzlu və sabit inkişaf etməkdə olan ölkələri arasında öz yerini kifayət qədər möhkəmləndirib. Bu da, təbii ki, müstəqillik illərində Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı uğurlu daxili və xarici siyasət, eləcə də son 19 ildə Prezident İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən siyasi xəttin sayəsində mümkün olub.

Azərbaycan Prezidenti İlham Əliyev qeyd edilən mərasimdəki çıxışında bildirib ki, “Sonuncu Bakı Enerji Həftəsindən bu günə qədər keçirilən tədbirlərə nəzər salsaq görərik ki, bu gün daha çox Avropa ölkəsi Azərbaycanla əməkdaşlıq edir”. Bizim planımız ondan ibarətdir ki, 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artıraq və bu, olduqca real rəqəmdir. Azərbaycanın qaz təchizatının dinamikasına nəzər salsaq görərik ki, ötən il bu rəqəm 8 milyard kubmetr idi və bu il 12 milyard kubmetr qaz nəql ediləcəkdir. Bu, ölkənin ümumi ixracımızın yarısıdır və 2027-ci il üçün bu rəqəm 20 milyarda çatdırılacaqdır. Bunun üçün mənbələr artıq var, onlardan biri nəhəng “Şahdəniz” yatağıdır, digər yataq isə “Abşeron”dur.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı