Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir

Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir

Pakistan və Azərbaycan arasındakı yaxın və səmimi əlaqələr mədəni irs, qlobal və regional məsələlərlə bağlı sərgilədikləri birgə münasibət və beynəlxalq forumlarda əməkdaşlıqla xarakterizə olunur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. XX əsrin sonlarında  Pakistan Sovet İttifaqının süqutundan sonra müstəqillik əldə edən Azərbaycanı 1991-ci ilin oktyabrında tanıyan ilk üç dövlətdən birincisidir.  Azərbaycanla Pakistan arasında diplomatik əlaqələrin əsası 1992-ci ilin iyununda qoyulmuşdur. Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılmışdır. Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqustunda başlamışdır. 2017-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin əsasının qoyulmasının gümüş yubileyi də qeyd olunub.  Əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir.

Bu əməkdaşlıqların  inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri böyük rol oynayıb. Hər iki ölkə arasında 30-dan çox sənəd imzalanmışdır ki, bu sənədlər mövcud hüquqi bazanı daha da möhkəmlənməsinə yönəlmişdir.

Məlum olduğu kimi, Azərbaycan və Pakistan arasında artıq uzun müddətdir ki, çoxşaxəli münasibətlər mövcuddur. Bu münasibətlərin dərin tarixi, mədəni və dini kökləri vardır. Həmçinin qeyd olunmalıdır ki, iki dövlət arasında münasibətlərin inkişafına Ümummilli Lider Heydər Əliyev böyük xidmətlər göstərib. Hazırda bu siyasət Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

İkinci Qarabağ müharibəsində qalib gələn Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Pakistan olmuşdur. Pakistan beynəlxalq təşkilatlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində haqlı mövqeyimizi hər zaman dəstəkləmişdir.

Səbinə Məhəmmədli- Zərdab rayon Böyük Dəkkə körpələr evi-uşaq bağçasının müdiri

 

 

Önəmli amil

Azərbaycan-Pakistan münasibətləri strateji xarakter daşıyır və daim yüksələn xətt üzrə inkişaf edir.

Ölkələrimiz arasında münasibətləri formalaşdıran çox vacib məqamlardan biri budur ki, Pakistan istər işğal dövründə, istərsə də 44 günlük Vətən müharibəsi zamanı hər zaman Azərbaycana güclü siyasi dəstək göstərmişdir.

Təsadüfi deyil ki, Pakistan işğalçı Ermənistanı rəsmən tanımamış və bu ölkə ilə diplomatik əlaqələr qurmamış, onun təcavüzünü daim pisləmişdir. 2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi, 2017-ci ildə Milli Assambleyanın Xarici İşlər Komitəsi Xocalı Soyqırımını tanıyan və Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamələr qəbul etmişdir.

Diqqətəlayiq haldır ki, Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini gücləndirmək üçün Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Bu gün Azərbaycan ilə Pakistan arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə uğurla davam etdirilir və hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır.

44 günlük İkinci Qarabağ Müharibəsi dövründə yadda qalan məqamlardan biri də ölkə boyu hər yerdə – küçələrdə, binalarda, müxtəlif tədbirlərdə Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı üçüncü ölkənin də bayrağının qaldırılmasıdır. O bayraq Pakistanın bayrağı idi. Bu da hər iki ölkə arasında qırılmaz əlaqələrin mövcudluğunun sübutudur.

Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Ciddi siyasi dəstək

Azərbaycan 44 günlük müharibədə şanlı qələbəsini təmin edərək öz torpaqlarını işğaldan azad etdi.Bu da reallıqdır ki, bu gün müsəlman ölkələri davamlı olaraq ikili standartlar və ədalətsiz mövqe ilə üzləşirlər. Bu baxımdan müsəlman ölkələri arasında birlik və həmrəyliyin gücləndirilməsi xüsusi önəm daşıyır. Müasir dövrdə Azərbaycan, Türkiyə və Pakistan nümunəvi əməkdaşlıq modelini uğurla inkişaf etdirirlər.

Azərbaycanla Türkiyə arasında əlaqələr  uzun illərdir sürətlə inkişaf edir. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ikinci dövlət yoxdur.  Eyni kök, adətlər, oxşar mədəniyyət, dil, din,  ortaq folklor  Azərbaycan Türkiyə əlaqələrini şərtləndirən mühüm  amillərdir. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. Türkiyə-Azərbaycan əlaqələri  ən yüksək səviyyədədir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır.

Azərbaycanla Pakistanın əlaqələrinin dərin tarixi kökləri var. Hər iki ölkənin xalqları bir-birinə qarşılıqlı hörmət bəsləyir. Hər iki xalqın eyni dəyərlərə malik olması onlar arasında birlik və həmrəyliyi daha da möhkəmləndirir.

Azərbaycanla Pakistan hər zaman çətin günlərdə bir-birilərinin yanında olmuşlar. Bu ənənə bu gün də uğurla davam etdirilir. Hər iki ölkə tərəfindən tez-tez qarşılıqlı səfərlər həyata keçirilir. Hə iki dövlət bir-birinə qarşı dəstəyini davamlı ifadə edir. Pakistan Azərbaycana görə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmamışdır. Artıq uzun illərdir hər iki qardaş ölkə hərbi və siyasi sahələrdə sıx əməkdaşlıq edir. Bu əlaqələr növbəti illərdə digər sahələrdə də sürətlə inkişaf edəcəkdir.
44 günlük vətən müharibəsi dönəmində və ondan sonrakı müddətdə də qardaş Pakistan xalqı və hakimiyyəti daima Azərbaycanın yanında oldu, öz siyasi və mənəvi dəstəyini əsirgəmədi.  Azərbaycan xalqı Pakistan xalqının bu dəstəyini yüksək qiymətləndirir və heç zaman unutmayacaqdır.

Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri

 

 

Təhsil sahəsində əməkdaşlığın böyük potensialı var

Azərbaycan və Pakistan arasında bir çox sahələr üzrə qarşılıqlı əməkdaşlıq mövcuddur. Bu sahələrdən biri də təhsil sahəsidir. Hələ XXI əsrin əvvəllərində Pakistanda zəlzələ olan zaman bir çox binalar dağılmışdır. O zaman da Azərbaycan Pakistanın yanında olmuşdur.

Zəlzələdən zərər çəkmiş ərazidə Heydər Əliyev Fondunun dəstəyi ilə məktəb tikmək təşəbbüsü həyata keçirilmişdir. Dəyəri 750 min ABŞ dolları olan layihə çərçivəsində qısa müddətdə inşa edilən yeni təhsil ocağında müasir tələblərə cavab verən 10 xüsusi sinif otağı, laboratoriyalar, fənn kabinələri, kitabxana, kompyuter otağı, idman meydançası var idi.

Təhsil sahəsinin inkişafına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondunun Pakistanda inşa etdirdiyi yeni məktəb binası Fondun “Təhsilə dəstək” layihəsi çərçivəsində xarici ölkədə tikdirdiyi ilk təhsil ocağı idi. Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistanda sonrakı dövrlərdə də çoxsaylı humanitar aksiya keçirilmişdir ki, bütün qardaş ölkədə Azərbaycana olan sevgi və ehtiramı daha da artırmışdır. Bütün bu sadalananlar Azərbaycanın hər çətin vəziyyətdə Pakistanın yanında olmasının əyani sübutudur.

Bu günkü dövrdə isə Azərbaycanla Pakistan arasında təhsil sahəsi günü-gündən inkişaf edir. Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır və bu prosesin necə sürətlə getdiyinə baxsaq görərik ki, ötən il sadəcə 100 tələbə təhsil alırdı. Eyni zamanda, Pakistanda təhsil alan azərbaycanlılar da var. Bu gün onlar müxtəlif sahələrdə təhsil alaraq, qayıdıb ölkəmizə töhfələrini verirlər.

Pakistanla Azərbaycan arasında qarşılıqlı tədqiqatların aparılması, tələbə mübadiləsinin həyata keçirilməsi, elmi əlaqələrin , universitetlər arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi mühüm faktorlardan biridir. Hər iki dövlətin universitetlərində əlamətdar günlərin qeyd olunması, Azərbaycanı və Pakistanın görkəmli şəxsiyyətlərinin , elm adamlarının fəaliyyəti ilə bağlı seminar və yığıncaqların keçirilməsi mütərəqqi hallardan biridir.

Mətanət Ağayeva- Zərdab rayon  Əlibəyli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib

Azərbaycan hələ XX əsrdən başlayaraq bir sıra məsələlərdə Pakistanın yanında olmuşdur.

Azərbaycanla Pakistan arasında əlaqələr Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1996-cı ildə  Ulu Öndər Heydər Əliyev Pakistanda rəsmi səfərdə olmuşdur. Bu görüşdə iki ölkə arasında münasibətlərə  xüsusi təkan verən 9 sənəd imzalanmışdır ki, bu da siyasi əlaqələrin hələ XX əsrdən başlayaraq geniş aspektdə inkişaf etdiyini bir daha sübut edir.

Azərbaycan və Pakistan prezidentləri hər zaman Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemlərində bir-birilərini dəstəklədiklərini bəyan etmişlər. Ulu Öndər Heydər Əliyev bildirib ki, Pakistan dövləti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü daim pisləyib. Ermənistanı bir təcavüzkar kimi ittiham edib. BMT-nin Təhlükəsizlik Şurasında bu məsələ müzakirə edilərkən Pakistanın nümayəndəsi Azərbaycana çox ədalətli münasibət göstərib və yardım etmişdir. Azərbaycan Respublikası həmişə Kəşmir problemi ilə əlaqədar Pakistanın mövqeyini dəstəkləyib və bu gün də dəstəkləyir. Bu dəstək hər zaman davam edəcəkdir. Azərbaycan bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdirir. Azərbaycan və Pakistan arasında qarşılıqlı dəstək ölkələri və xalqları bir-birinə daha da yaxınlaşdırır.

Nurcahan Mürşüdova- Zərdab rayon Gödəkqobu kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Perspektiv əməkdaşlıq istiqamətləri

Tərəddüd etmədən deyə bilərik ki, bu gün dünyada Azərbaycana ən yaxın dost olan ölkələrdən biri də Pakistandır. Bu ölkə hər zaman Azərbaycana dəstək olub.Pakistan ölkəmizin müstəqilliyin tanıyan, diplomatik əlaqələr quran və Bakıda səfirlik açan ilk ölkələrdən biridir. Hər zaman bizimlə səmimi münasibətdə olub, Azərbaycanın haqq işinə dəstək verib, ədalətli mövqeyini beynəlxalq səviyyədə müdafiə edibdir. Eləcə də onu da vurğulamaq lazımdır ki,məhz Azərbaycan ərazisinə təcavüz etdiyi üçün Ermənistanla diplomatik əlaqələr qurmayıb, həm də rəsmən işğalçı ölkəni bir dövlət kimi tanımayıb. Bu, qardaş Pakistanın dövlət siyasətinin haqq və ədalətə söykəndiyinin təcəssümüdür.

Hazırda dünyada gərginlik xeyli artıb, proseslərin mürəkkəbliyi getdikcə dərinləşir, yeni-yeni ittifaqlar, bloklar yaranır. Belə bir məqamda böyük hərbi gücü olan, iqtisadi imkanları getdikcə genişlənən Pakistanla əlaqələrimizin inkişafı son dərəcə önəmlidir. Pakistanla keçirilən görüşlər, aparılan müzakirələr dönməz xarakter alan mövcud əlaqələrimizi daha da möhkəmlənəcək, yeni sahələr üzrə əməkdaşlığa geniş imkanlar açılacaq.  Azərbaycanla Pakistan arasında ticarət və sərmayə, enerji, müdafiə sənayesi sahələrində əməkdaşlıq xüsusi diqqətdədir. Bu da, təbii ki, qeyd olunan sahələrdə əlaqələrin inkişafını nəzərdə tutur və bunun üçün potensial xeyli yüksəkdir.

Hərbi sahədə də hər iki ölkə arasında inkişaf mövcuddur. Məlumdur ki, Azərbaycan, Türkiyə və Pakistan hərbçiləri mütəmadi təlimlər keçir, döyüş qabiliyyətlərini artırırlar. Təbii ki, bu da dövlətlərimizin müdafiə qüdrətinin artırılması, müstəqilliyin və ərazi bütövlüyünün qorunması, təhlükəsizliyin təmin olunması baxımından müasir dövrdə xüsusi önəm kəsb edir.

Həcər Orucova- Zərdab rayon Gəlmə kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Azərbaycan 30 il ərzində Ermənistanla danışıqlarda iştirak edirdi və bu danışıqlar heç bir nəticə vermədi

Azərbaycan tarixində bir çox şərəfli anlar olmuş, xalqımızın qürur mənbəyinə çevrilmiş hadisələr yaşanmışdır. Müzəffər Ali Baş Komandan Cənab  İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı zəfər, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tariximizdə xüsusi əhəmiyyətə malikdir. Hər bir Azərbaycan vətəndaşı bu tarixi, şərəfli hadisə ilə fəxr edir.

Azərbaycan torpaqlarının işğal altında qalması hər bir azərbaycanlı üçün ağır hadisə idi.Ulu Öndər Heydər Əliyev dəfələrlə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirmişdir. Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifələrdən biri olmuşdur. Ümummilli Lider Heydər Əliyevin miras qoyub getdiyi siyasəti davam etdirən Cənab İlham Əliyevin sayəsində 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazandıq və dünya ölkələrinə birdaha sübut etdik ki, Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var.

İkinci Qarabağ müharibəsində Azərbaycan qazandığı qələbə ilə öz gücünü bütün dünyaya göstərdi. Bu Qələbə sayəsində tarixi ədalət və ölkəmizin ərazi bütövlüyü təmin edildi. Döyüşlərdə Azərbaycan xalqı 3 min övladını  şəhid verərək torpaqlarını düşməndən geri aldı. Bu gün hər bir Azərbaycan vətəndaşı Şəhidlərinin qarşısında baş əyir və onların əziz xatirəsini daim yad edir.

Şabəyim Ağayeva- Zərdab rayon Dəli Quşçu kənd körpələr evi-uşaq bağçasının müdiri