Azərbaycan xalqının sevgisini qazanmış Ulu Öndər

Azərbaycan xalqının sevgisini qazanmış Ulu Öndər

Hər bir xalq görkəmli şəxsiyyətləri ilə tanınır. Onlar xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirir. Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu  ulu öndər Heydər Əliyev məhz belə bənzərsiz dahi şəxsiyyətdir. Tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insan liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. İllər keçdikcə, ümummilli liderimiz Heydər Əliyevin böyüklüyünü, müdrikliyini, xalqını, vətənini necə bir məhəbbətlə sevdiyini daha çox anlayırıq. Bu dahi şəxsiyyətin fəaliyyəti bütün bəşəriyyətin xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr olunmuşdur.

Ulu Öndər Heydər Əliyev çox maraqlı, mürəkkəb, zəngin, keşməkeşli bir ömür yolu keçmiş, həyatın bütün çətinliklərindən qalib çıxmış, öz zəhməti, zəkası, fitri qabiliyyəti ilə ən yüksək zirvəyə yüksəlmişdir. Bu uca zirvənin yolları daşlı-kəsəkli olsa da, polad iradəsi, dönməz xarakteri, şəxsiyyət bütövlüyü bu  zirvəni fəth etməkdə ona kömək etmişdir. Bütün dünyanın etiraf etdiyi böyük dövlət xadimi, görkəmli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı, zəmanəmizin nadir şəxsiyyətlərindən biri Heydər Əliyev çox zəngin irs qoyub getmişdir. Onun Azərbaycana otuz ildən çox rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib. O, bütün həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr etmişdir.

Bu dahi insanın fəaliyyətinə, keçdiyi ömür yoluna nəzər salanda aydın görürük ki, Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri arasında öz layiqli yerini tutmuşdur. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı bütün həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Ulu öndər bir dövlət başçısı kimi Azərbaycanın ən çətin, üzücü anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan qurtarmağı bacarmışdır. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ana dilimizin dövlət dili kimi tətbiqində, onun imkanlarının genişləndirilməsi və Azərbaycan xalqının ən böyük sərvəti kimi dəyərləndirilməsində məhz Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbin müəllimi-Səidə Tağıyeva

 

 

 Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti dünyaya tanıtmaq idi.

 Müsəlman Şərqində ilk demokratik respublikanın–Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından 103 il keçir. 1918-ci il mayın 28-də Azərbaycan xalqını təmsil edən Milli Şura türk-İslam dünyasında ilk demokratik respublika formasında Azərbaycanın dövlət müstəqilliyini elan etdi. Bu tarixi hadisədən uzaqlaş­dıqca onun təkcə Azərbaycan və müsəlman Şərqində deyil, beynəlxalq aləmdə də böyük əhəmiyyət daşıdığı daha aydın və iri planda görünür. Zaman keçdikcə cümhuriyyət irsinə daha dərindən və geniş aspektdə müraciət olunur və bir çox sualları yenidən cavab­landırmaq və ibrət almaq lazım gəlir.

Dünya tarixindən məlumdur ki, hər millətin dövlətçiliyinin və təhlükəsizliyinin təmin edilməsində, beynəlxalq səhnədə mövqe və maraqlarının müdafiəsində diplomatiya xüsusi rola malikdir. Diplomatiya, xarici siyasət vasitəsi kimi, millətin istiqlaliyyətinin bərpа edilməsi, beynəlxalq ictimaiyyətin bərabərhüquqlu üzvü kimi tanınması və ərazi bütövlüyü uğrunda mübarizəsi zamanı daha böyük, fövqəladə əhəmiyyətə malik olur. XX əsrdə Azərbaycan xalqına, onun siyasi xadimlərinə və yaranmaqda olan diplomatiyasına istiqlaliyyət bayrağını qaldırmaq və milli dövlətçiliyin bərqərar olması naminə mürəkkəb regional və beynəlxalq şəraitdə ağır mübarizələr aparmaq iki dəfə nəsib olmuşdur: 1918-1920-ci illərdə və ötən əsrin 80-90-cı illərində. Məlum olduğu kimi, ümummilli lider Heydər Əliyev 1918-1920-ci illərin Azərbaycan Xalq Cümhuriyyəti (AXC) tarixinə xüsusi diqqətlə yanaşırdı. Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik fəaliyyətinin araşdırılması bir sıra Qərb tədqiqatçılarının da diqqət mərkəzində olmuş, müxtəlif ölkələrdə nəşr olunmuş ayrı-ayrı əsərlərdə 1918-1920-ci illərdə Azərbaycan hökumətinin həyata keçirdiyi xarici siyasət xəttinin işıqlandırılmasına geniş yer verilmişdir. Hökumətin xarici siyasət sahəsində mühüm addımlarından biri də 1918-ci il dekabrın 28-də parlamentin sədri Ə.Topçubaşovun başçılığı ilə Paris sülh konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi idi. Məhz bu nümayəndə heyətinin səyi nəticəsində 1920-ci il yanvarın 12-də Paris sülh konfransına qatılan əksər ölkələr Azərbaycanın müstəqilliyini tanıdılar. 1920-ci il aprelin 22-də isə parlament hökumətin təşəbbüsü əsasında Britaniya, Fransa, İtaliya, İsveçrə, Polşa və ABŞ-da diplomatik nümayəndəliklərin açılması haqqında qanunu qəbul etdi. Lakin bir neçə gün sonra – 1920-ci il aprelində 27-28-də bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi ilə bu işlər yarımçıq qaldı.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbin direktoru-Rasif Qaçayev

 

 

Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir.

8 May – Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi-şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb.1918-ci il mayın 27-də Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası elan etdi. Bununla da, əslində Azərbaycanın tarixində parlamentli respublikanın bünövrəsi qoyulmuş oldu. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən dövlət nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Cümhuriyyətin ömrü uzun olmasa da, qısa bir müddət – 23 ay ərzində çox böyük işlər görə bilib. Bu qısa dövrdə dövlət bayrağı, dövlət himni və gerbi, Azərbaycan vətəndaşlığı təsis edilib, milli ordu yaradılıb. Həmin dövr üçün olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul edilib. Demokratik hüquq və azadlıqların, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi və həyata keçirilmiş digər işlər həmin dövr üçün atılmış böyük addımlar idi.

Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanda daxili ictimai-siyasi sabitlik möhkəmlənməyə başladı. Azərbaycanın dünyanın bir çox ölkələri ilə iqtisadi əlaqələri quruldu. 1994-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti ilə bir çox böyük şirkətlər arasında imzalanmış “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının inkişafına təkan verdi və gələcək layihələr üçün yol açdı. Azərbaycanın müstəqil dövlət kimi ilk Konstitusiyası qəbul edildi. Ölkədə iqtisadi, siyasi, sosial, mədəni və digər sahələrdə islahatlar aparıldı, dövlətimiz sürətli inkişaf yoluna qədəm qoydu. Düşünülmüş və uzaqgörən siyasət nəticəsində Azərbaycan dövləti iqtisadi və siyasi böhrandan çıxmış oldu. İqtisadi, sosial, ictimai həyatda aparılan islahatlarla yanaşı Azərbaycanın milli ordusu – Silahlı Qüvvələr yaradıldı.

Ulu Öndərimiz dəfələrlə bildirirdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, bunun üçün Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin müəllimi -Aliyə Rüstəmova