Azərbaycan zəruri infrastruktura malikdir

Bu gün Azərbaycan həm böyük enerji potensialına, həm də inkişaf etmiş infrastruktura malikdir. İnfrastruktur layihələrinin ölkəmizin geosiyasi həyatındakı rolundan danışarkən, əvvəlcə onu vurğulamaq lazımdır ki, ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra tamamilə yeni bir neft strategiyasını hazırlamağı qarşıya əsas məqsəd qoydu. Çünki o vaxta qədər “Azəri-Çıraq-Günəşli” yataqları blokuna dair hazırlanan müqavilə milli maraqlara uyğun deyildi. Ona görə də xarici neft şirkətləri ilə danışıqlar yenidən davam etdirildi və yeni neft-qaz strategiyası üzərində iş aparıldı. Bunun nəticəsi olaraq 1994-cü il sentyabrın 20-də Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarının tammiqyaslı işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişi imzalandı. Məhz bu müqavilədən sonra ölkəmizin neft və qaz sənayesində dirçəliş dövrü başlandı. Ulu öndərin bu uzaqgörən siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyevin son dərəcə ağıllı siyasəti nəticəsində ölkə iqtisadiyyatı çoxşaxəli surətdə inkişaf etdi və respublikamız dünyada böyük hörmət və nüfuz sahibinə çevrilmiş oldu. Bildiyimiz kimi 01 iyun 2022 – ci il tarixində cənab Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində iştirak edib. Ənənəvi Xəzər Neft-Qaz Sərgisi və Konfransı, həmçinin Bakı Enerji Həftəsi çərçivəsində bütün bu vacib məsələlər müzakirə edilmişdir. Konfransda həmçinin neft təchizatı həcminin artırılması müzakirə olunmuşdur. Qeyd etməliyik ki həyata keçirilən layihələr nəticəsində bu gün artıq Azərbaycan digər ölkələr üçün vacib tranzit imkanlarını təqdim edir. Hazırda bu potensialdan da maksimum dərəcədə istifadə olunur. Bu barədə Prezident İlham Əliyev 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında bildirib. Hər bir məsələdə şaxələndirmənin vacib olduğunu qeyd edən dövlətimizin başçısı demişdir ki, “Bu səbəbdən vaxtilə Azərbaycanın etibarlı tranzit ölkəsi kimi potensialını düzgün qiymətləndirməyənlər fikirlərini dəyişəcəklər. Biz artıq müəyyən eyhamlar görürük və biz buna hazırıq. Biz köməyə ehtiyacı olan hər kəsə yardım etməyə hazırıq. Bunun üçün bizdə siyasi iradə var. Hər zaman bizim siyasətimiz körpülər qurmaqdan və əməkdaşlığı gücləndirməkdən ibarət olub”. Ölkəmizin milli maraqlara əsaslanmaqla həyata keçirilən iqtisadi siyasəti, inkişaf strategiyası respublikamızın hərtərəfli inkişafinda yeni mərhələ açmışdır. Qısa müddətdə reallaşdırılması inanılmaz görünən qlobal və regional layihələrin uğurla həyata keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu gücləndirmişdir.Azərbaycan dünyada ən böyük infrastruktur layihələrini gerçəkləşdirən dövlət kimi tanınmaqdadır. Prezident həmçinin qeyd edib ki, bundan əlavə, Azərbaycan zəruri infrastruktura - yeni dəniz limanına, bütün istiqamətlərlə dəmir yolu xətlərinə, avtomobil yollarına və hava limanlarına malikdir. “Azad olunmuş ərazilərdə üç yeni hava limanımız olacaq. Onlardan biri artıq istifadəyə verilib. Beləliklə, Azərbaycan 9 beynəlxalq hava limanına sahib olacaq. Bunun nəticəsində ölkəmizin coğrafi yerləşməsi, yəni, neft və qaz sahəsində əməkdaşlıqla bağlı planlar qurarkən Azərbaycanın tranzit potensialı nəzərə alınacaqdır. Sevindirici haldır ki, artıq Azərbaycan zəruri infrastruktura - yeni dəniz limanına, bütün istiqamətlərlə dəmir yolu xətlərinə, avtomobil yollarına və hava limanlarına malikdir. Qürur duyulası haldır ki, Azərbaycan bu gün azsaylı ölkələrdən biridir ki, enerji resurslarını ölkənin sosial-iqtisadi inkişafı məqsədilə ciddi avantaja çevirə bilib. Azərbaycan bundan sonra da möhtəşəm uğurları ilə hər zaman diqqətdə olacaqdır.
Rəşad Rəhmanov-Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru.