Bəyannamə strateji əməkdaşlığın perspektivini təmin edir

Bəyannamə strateji əməkdaşlığın perspektivini təmin edir.

2021-ci ildə Müstəqil Azərbaycan dövlətinin Qurtuluş günündə, İyun ayının 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan qədim Azərbaycan şəhəri, türk mədəniyyətinin beşiyi olan Şuşada, sözün əsl mənasında, tarix səlnaməsini yazdılar. Ulu Öndərin dühasından doğan Qurtuluş yolunun bu gün bütün türk dünyasının yeni formatda birliyinə aparan bir başlanğıc olması Heydər Əliyev siyasi kursunun bundan sonra da bütün bəşəriyyətin rifahına, inkişafına misilsiz töhfələr verəcəyini göstərir. Qardaşlığın yeni tarixi mərhələsi-Şuşa Bəyannaməsi imzalandı və hər iki ölkənin parlamentində ratifikasiya olundu. Mən çox qürur duyuram ki, Bəyənnamənin iki ölkənin liderinin Şuşada imzalandığı günün və parlamentdə bu bəyənatın qəbul olunduğu günün iştirakçısı oldum. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır və  iki qardaş ölkənin hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliyinin hüquqi əsasıdır. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ulu Öndər Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət iki dövlətdir” kəlamlarının da əksini tapdığı və tarixə əsaslanan Şuşa Bəyannaməsi iki qardaş ölkənin müttəfiqliyinin və keyfiyyətcə daha yüksək işbirliyinin rəsmi təminatıdır.

Strateji əhəmiyyət kəsb edən Bəyannamədə bir çox önəmli məsələlər – beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti öz əksini tapıb. Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir. Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Bəyannamədə o cümlədən, Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsində Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi həm də türk dünyasının birləşməsi, regionun təhlükəsizliyi və sosial-iqtisadi inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Şuşa Bəyannaməsi əhatəli sülhə yol açır. Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırır.

Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır. Həmçinin Şuşa şəhərində qardaş Türkiyənin baş konsulluğunun açılmasına dair qəbul olunmuş qərar Türkiyənin bu bölgədə mövqeyinin və gücünün möhkəmlənməsi kimi dəyərləndirilməlidir. . Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar.

Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir. İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunması ilə bağlı da razılığa gəldi. Ümumilikdə Şuşa Bəyannaməsi ilə Azərbaycanla Türkiyə strateji müttəfiqlik münasibətlərini daha da dərinləşdirərkən bunu üçüncü tərəfə qarşı deyil, sadəcə öz təhlükəsizliyi baxımından zəruri hesab edərək qərarlaşdırır.

 

 

Ağayeva İradə Qurban qızı

Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı