Bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək!

May ayının 28-də Azərbaycanın paytaxtı olan Bakı şəhərində ilk dəfə keçirilən və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları çıxışı zamanı Azərbaycan-Türkiyə münasibətlərinə yüksək qiymət vermiş və xalqlarımız arasında mövcud olan qardaşlıq əlaqələrindən geniş bəhs etmişdir. Qeyd etməliyik ki, Azərbaycanla Türkiyə arasındakı əlaqələrin böyük tarixi vardır. Dilimizin, dinimizin və adət-ənənələrimizin bir olması ikili əlaqələrin möhkəmlənməsini şərtləndirən ən vacib amillərdən biridir. Xüsusilə qeyd etməliyik ki, tarixin müxtəlif dövrlərində ən mürəkkəb vaxtlarda hər iki xalq bir-birinə hər zaman dəstək nümayiş etdirmişdir. Ötən əsrin əvvəllərində mənfur düşmənlərimizin xalqımıza qarşı həyata keçirdiyi qırğınların qarşısının alınmasında və Bakının daşnak işğalından azad edilməsində türk qardaşlarımızın hərtərəfli yardımı olmuşdur. Bundan əlavə türk xalqının qəhrəmanlıq salnaməsi olan Çanaqqala zəfərinin əldə edilməsində könüllü şəkildə qardaşlarımıza yardıma gedən soydaşlarımızın da böyü rolu olmuşdur. Bundan əlavə xalqımızın ötən əsrdə əldə etdiyi hər iki müstəqilliyi tanıyan ilk dövlət də məhz Türkiyə olmuşdur. Sovet İmperiyasının dağılması və Azərbaycanın öz müstəqilliyini yenidən bərpa etməsi bütün sahələrdə olduğu kimi Azərbaycanla Türkiyə münasibətlərində də yeni bir mərhələnin başlanğıcını qoydu. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışı bu münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində önəmli oldu. Ümummilli Liderimizin “Bir millət, iki dövlət” sözləri xalqlarımız arasındakı əlaqələrin hansı səviyyədə olduğunu tərənnüm edir. Sevindirici haldır ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş bu müdrik siyasət hal-hazırda cənab Prezidentimiz tərəfindən uğurla davam etdirilməkdədir. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlər hazırda Cənab Prezidentimiz İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir. Ölkə rəhbərlərinin qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük təntənə ilə qarşılanır və bu səfərlərinin hər birində iki dost-qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq daha da möhkəmlənir. Hazırda Türkiyə iqtisadi, siyasi, hərbi və digər sahələr üzrə dünyada lider dövlətlərdən birinə çevrilmişdir. Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bölgəmizdə də çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə qardaş Türkiyə Respublikasının Azərbaycana göstərdiyi hərtərəfli dəstək heç bir zaman unudulmayacaqdır. Əldə edilmiş tarixi qələbə və işğal altındakı əzəli torpaqlarımızın düşməndən azad edilməsi Müzəffər Ali Baş Komandanımızın rəhbərlik etdiyi rəşadətli ordumuzun qəhrəmanlığı ilə yanaşı, bu qardaş dəstəyinin sayəsində əldə edilmiş oldu. Postmüharibə dövründə də ölkələrimiz arasındakı qardaşlıq münasibətləri daha da möhkəmlənərək davam etməkdədir. Bu birlik, bu qardaşlıq münasibətləri nəticəsində həll edə bilməyəcəyimiz problem və əldə edə bilməyəcəyimiz uğur qalmayacaqdır. İnanırıq ki, Azərbaycan-Türkiyə birliyi dönməz, sarsılmaz və əbədi olacaqdır. Cənab Prezidentimizin də qeyd etdiyi kimi “Ölkələrimiz arasındakı münasibətlərin nəticəsi olaraq Azərbaycan və Türkiyə yüksələn xətlə ancaq və ancaq irəli gedəcəkdir”.

Balabəy Balabəyov-Siyəzən Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini.