“Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin dövlət başçılarının VI Zirvə Toplantısında çıxış edən Prezident cənab İlham Əliyev Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyətindən bəhs etdi. Çoxillik iş nəticəsində imzalanmış bu Konvensiya Xəzərin hüquqi statusunu müəyyən edən əsas sənəddir. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq. Məlum Konvensiyadan əlavə bir sıra sazişlər də imzalanıb ki, həmin sazişlər əsasən təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması, səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələri, habelə qarşılıqlı maraq doğuran digər sahələri əhatə edir. Bir sözlə, Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası davamlı olaraq möhkəmlənir.”
Bu fikirləri “İki sahil”ə açıqlamasında YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov deyib.
C.Osmanov bildirib ki, Zirvə Toplantısında Azərbaycan Prezidenti cənab İlham Əliyev Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlərin də bağlandığına diqqət çəkərək Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətlərinin olduğunu qeyd etdi: “Bu dostluq və qonşuluq, eyni zamanda BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıqlar Xəzər dənizində sabitliyin və təhlükəsizliyin bərqərar olmasında mühüm rol oynayır. Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyətinin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, ölkələrin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri təşkil edir. Xəzər dənizinin region xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsi olduğunu bildirən Prezident cənab İlham Əliyev qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini də qeyd etdi. Bundan əlavə, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetlərindəndir. Nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir.”
Deputat qeyd edib ki, nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır: “Ölkə başçısı çıxışında onu da vurğuladı ki, Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir, həmçinin Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Ölkəmizin səmərəli istifadəsinə səy göstərdiyi Transxəzər beynəlxalq nəqliyyat marşrutu Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımalar hər il artmaqdadır. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanı bu sahədə mühüm rol oynamağa başlayıb və limanın tikilərək istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işində Azərbaycanın ciddi töhfəsidir.”
YAP İdarə Heyətinin üzvü vurğulayıb ki, ölkəmiz nəqliyyat kommunikasiyaların yaradılması fonunda regionda sülh və təhlükəsizliyin bərqərar olması üçün əməli addımlar atır: “Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görülməyə başlaması bu deyilənlərə bariz nümunədir. Reallığa çevrilmək üzrə olan Zəngəzur dəhlizi də regionun nəqliyyat-kommunikasiya şəbəkəsinin genişlənməsinə əlavə töhfə olacaqdır. Cənab Prezident İlham Əliyev Zirvə Toplantısında Azərbaycanın ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərik olduğunu da qeyd etdi. Ölkə başçısı bildirdi ki, Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır.”