2023-cü il müasir Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunacaq. Son bir neçə ildir ki həm iqtisadi göstəricilərimizə görə, həm də 44 günlük müharibədə qalib gəldikdən sonra beynəlxalq reputasiya baxımından dövlətimiz ən qüdrətli çağını yaşayır. Yeni reallıq Azərbaycanın dünyadakı reputasiyasını daha da möhkəmləndirir.
Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.
O qeyd edib ki, məhz 2023-cü il müstəqil Azərbaycanın bütün ərazisində suverenliyini təmin etdiyi ildir: "Ötən il biz ərazi bütövlüyümüzə tam nail olmuşuq, üçrəngli bayrağımız uzun illər işğalçı Ermənistan ordusunun tapdağı altında qalmış şəhər və kəndlərimizdə yüksəlib. Prezident İlham Əliyev olduqca haqlı şəkildə bildirir ki, 2023-cü ilin sentyabrında keçirilmiş uğurlu antiterror əməliyyatından sonra dövlətimizin tarixi inkişafında yeni mərhələ başlayıb. Bu mərhələ ərazilərimizin bərpası, işğaldan azad olunmuş torpaqlarımızın ümumi hüquqi və sosial-iqtisadi məkana reinteqrasiyası, məcburi köçkün əhalimizin doğma yurduna qayıdışı kimi ümummilli proseslərlə müşayiət olunacaq. Təbii ki, bütün bunlar ölkə rəhbərliyinin praqmatik siyasətinin bəhrələridir. Qısa müddətdə bu qədər tarixi olan bir problemin həllinə, belə demək mümkündürsə, "yaranın müalicəsinə" yalnız ciddi dövlətlər nail ola bilərdi. Biz hazırda dünyanın bir neçə nöqtəsində qanlı müharibə ilə müşayiət edilən qarşıdurmanı, münaqişəni izləyirik və bütün dünya görür ki, belə mürəkkəb məsələləri Azərbaycan qədər qısa müddətə, dəqiqliklə həll edə bilən ikinci dövlət yoxdur. Bu reallıq bizim dünyadakı ciddi dövlət imicimizi, reputasiyamızı daha da möhkəmləndirir".
Deputatın sözlərinə görə, həm 44 günlük Vətən müharibəsi, həm sonrakı 3 ildə Azərbaycanın ərazi bütövlüyünü təmin etmək uğrunda həyata keçirilən tədbirlər, xarici siyasət, həm də 24 saatdan az çəkmiş antiterror əməliyyatı dünya hərb və diplomatiya tarixinə yazılmalı olan gerçəklikdir.
"Dövlətimiz bu hədəfə Prezident İlham Əliyevin rəhbərliyi ilə addım-addım, səbr və təmkinlə, düşünülmüş şəkildə nail olub. Xalqımız bu illər ərzində dövlət başçısına daima dəstək verib, onun ətrafında birləşib. Bu baxımdan, heç bir şübhə yoxdur ki, biz hazırda qarşımızda duran digər hədəflərə - işğaldan azad edilmiş ərazilərimizin bərpasına, əhalimizin dədə-baba yurduna köçürülməsinə, bu torpaqlarımızda normal həyatın bərpasına da bu yolla, bu istəklə nail ola biləcəyik", - E.Allahverdiyev əlavə edib.