Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib.
Dövlət başçısının regionlara bütün səfərləri kimi 26 iyun səfəri də olduqca mühüm əhəmiyyət daşıyıb. Azərbaycan ordusunun komando hərbi hissələrinin sayı artırılır və bu addım birmənalı olaraq regionda hökm sürən geosiyasi şəraitin tələbi olaraq atılır. Azərbaycan ordusu qazandığı uğurlarla kifayətlənmir, Ali Baş Komandanın öndərliyində müasir ordu quruculuğu prosesi sürətlə davam etdirilir.
Ordumuzun qüdrətinin artması isə şübhəsiz ki, sərhədlərin təhlükəsizliyini gücləndirir. Həmçinin sərhəd ərazilərində komando hərbi hissələrinin açılışını potensial təhlükələrə qarşı gözdağı olaraq da qiymətləndirmək mümkündür. Bununla yanaşı yeni yaradılan hərbi hissə Ermənistanla sərhəd ərazidə ordumuzun mövqelərini daha da möhkəmləndirib.
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev çıxışında qeyd etmişdir ki, sürətli inkişaf iqtisadi müstəqilliyi təmin etdi və Qələbəni yaxınlaşdırdı. İqtisadi müstəqillik müharibəni aparmaq üçün imkan yaratdı. Biz müzəffər xalq kimi, qalib dövlət kimi bundan sonra əbədi yaşayacağıq.
Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün bir çox tədbirlər görülmüşdür. Bu gün Azərbaycan gəncləri vətənpərvər gənclərdir, Vətənə bağlıdır və Vətən müharibəsi bunu bütün dünyaya göstərdi. Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər;
Vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi - bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu düşməni torpağımızdan qovdu, düşməni diz çökdürdü, onu məcbur etdi ki, ağ bayraq qaldırsın və Kəlbəcərdən məcbur olaraq çıxsın. Kəlbəcər bir güllə atılmadan azad edilmişdir.
Xalqımızın şanlı müharibəsi indi müxtəlif ölkələrin ali məktəblərinin hərbi dərsliklərindədir və bunu bir çox hərbi ekspertlər qeyd edirlər. Çox çətin relyefi olan ərazini, Şuşa kimi alınmaz qalanı cəmi 44 gün ərzində azad etmək ancaq Azərbaycan əsgərinin ruhu, gücü hesabına mümkün olmuşdur. Biz bütün dünyaya göstərdik ki, həm ruhən, həm fiziki cəhətdən, həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də Vətənə olan sevgi və məhəbbət nöqteyi-nəzərindən böyük xalqıq.
Biz bu gün qalib insanlar kimi yaşayırıq. Bütün dünya azərbaycanlıları yaşadıqları yerlərdə başlarını dik tutub qalib xalqın nümayəndələri kimi yaşayırlar. Biz tarix qarşısında, əcdadlarımızın ruhu qarşısında və gələcək nəsillər qarşısında tarixi missiyanı icra etdik. Bu tarixi Qələbə daim bizim tariximizdə olacaq. Biz daim bu tarixi Qələbə ilə fəxr edəcəyik.
Ağdaş Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Natəvan Ağayeva