"Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərini normallaşdırma prosesinin təşəbbüskarı məhz Qərbdir". Məlumdur ki, oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanın dördtərəfli formatda görüşü keçirilib. Görüşdən sonra Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində tərəflərin hər dəfə sülhə daha da yaxınlaşdığını bildirib. Analitiklərə görə, Fransadakı erməni diasporu Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması prosesinə qarşıdır.
Mövzu ilə bağlı Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli Saat24.az-a açıqlamasında bildirib ki, erməni diaspor təşkilatları Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasına əngəl törətmək iqtidarında deyil. Ona görə də sözügedən təşkilatların cəhdləri uğursuz olacaq: "Ümumiyyətlə, dövlətlər öz aralarındakı münasibətləri diaspor qurumlarının hər hansısa məsələlərə dair fikir və mövqeləri üzərində müəyyənləşdirmirlər. Çünki dövlət maraqları daha üstün amildir. Reallıq budur ki, ermənilər Qərb ölkələrində, xüsusən dünya siyasətinə təsir edən ABŞ və Fransada diaspor işini çox yaxşı qurublar və bu təşkilatlar vasitəsilə həm mövcud olduqları böyük dövlətlərin siyasi qərarlarına, həm də təmsil etdikləri Ermənistanın rəhbərliyinə təsir etməyə cəhdlər edirlər. Ancaq bütün hallarda mühüm qərarları dövləti idarə edən hökumətlər və onun başında dayanan birinci şəxslər verirlər. Bu baxımdan erməni diaspor təşkilatları Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərini normallaşdırmaq, sülh müqaviləsinin bağlanması, Cənubi Qafqazın çoxdan ehtiyac duyduğu davamlı sülhə, təhlükəsizliyə, sabitliyə qovuşması, regional iqtisadi layihələrin artıq hər üç Cənubi Qafqaz ölkəsini və Türkiyəni əhatə edəcək formatda işə salınması və bu mənada bütün nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə nəticələnəcək prosesi tormozlamaq iqtidarında deyil. Çünki bu normallaşma prosesinin təşəbbüskarı məhz Qərbin özüdür. Mövcud siyasi gedişat göstərir ki, hazırda Qərblə Rusiya düşmən olublar və bu düşmənçilik fonunda Qərb Rusiyanı hər yerdə olduğu kimi, Cənubi Qafqazdan da çıxarmaq məqsədilə Azərbaycan və Türkiyənin 2020-ci ildən bəri yaratdığı reallıqla barışmaq məcburiyyətində qalıb. Bu baxımdan Qərbin bu prosesdə müəyyənedici faktor olması erməni diasporasının əlini-qolunu bağlayan amildir. Qərbin maraqlı olduğu bu sülh prosesində diasporun hər hansı arapozucu mövqedən çıxış etməsi nə Paşinyana, nə də Ermənistanı düşdüyü bataqlıqdan çıxarmaq səyləri nümayiş etdirən Qərbə lazımdır. Ən son Fransa prezidenti Makronun Avropa Siyasi Birliyi formatında 44 ölkə rəhbərini bir araya yığdığı toplantının yaranma səbəblərindən biri məhz elə Azərbaycan- Ermənistan, Türkiyə-Ermənistan münasibətlərini bir an öncə yoluna qoymaqdır. Ona görə də regional və qlobal əhəmiyyət daşıyan bu yeni geosiyasi və geoiqtisadi inkişafı hər hansısa erməni diasporasının tormozlaya biləcəklərini düşünmürəm. Ola bilər ki, diaspor təşkilatları arasında müəyyən patoloji türk düşmənçiliyini körükləyən radikal qruplar var. Hansı ki, onlar cığallıq etmək istəyərlər, Azərbaycanın və Türkiyənin şərtləri fonunda normallaşma prosesinin guya onlara ziyanlı olması təəssüratı yaradırlar. Bu tendensiya ilk deyil, hər zaman yaşamışıq. Lakin bu, heç bir halda böyük dövlətlərin və bölgə ölkələrinin prinsipial qərarlarına təsir edə bilməz. Erməni diaspor təşkilatlarının ənənəvi həyasızlığı, lüzumsuz hay-küyləri həmişəki kimi özlərinə qalacaq. Çünki Azərbaycan Ordusu nəinki Ermənistan ordusunu darmadağın edərək 30 illik işğala son qoyub, həmçinin ən vacib olanı edib, erməni qövmünün yüz illərdir tutunduğu saxta "Dənizdən dənizə" milli-ideoloji xəttini də darmadağın edib. Əslində ermənilərin indiki isterikası, barışmazlığı, aqressivliyi və revanşizmi də buradan qaynaqlanır".