İmişli rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyi ilə əlaqədar rayonun Heydər Əliyev Mərkəzində “Qaranlığa nur saçan zəka ” adlı tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə İmişli RİH başçısı Elçin Rzayev, Milli Məclisin deputatı, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər. Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, görkəmli dövlət xadiminin əziz xatirəsi böyük ehtiramla yad edilib. Sonra Heydər Əliyev Mərkəzində Zərifə xanım Əliyevanın mənalı ömür yolu, elmi və akademik fəaliyyəti haqqında çıxışlar dinlənilib
Çıxış edənlər bildirib ki, Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyinin ən uca zirvəsində dayanan görkəmli elm fədaisi canlanır. Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilər olduğu vurğulanıb.
Tədbirin sonunda akademik Zərifə Əliyevanın şərəfli ömür yolu və fəaliyyətini əks etdirən videoçarx və mədəniyyət işçilərinin ifalarında bədii kompozisiyalar nümayiş olunub.