Jalə Əliyeva ölkəmizdə səfərdə olan Meksika -Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Alberto Villa Villeqas ilə görüşüb -Foto

 

Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Meksika -Azərbaycan  parlamentlərarası  dostluq qrupunun rəhbəri Alberto Villa Villeqas ilə görüşüb.

Qonaqları salamlayan Jalə Əliyeva ilk növbədə Meksika tərəfinin dəvətiylə ötən ilin noyabr ayında Azərbaycan Parlamenti nümayəndə heyətinin Meksika Birləşmiş Ştarlarına baş tutan uğurlu  səfəri haqqında danışaraq, təşkil edilən yüksək səviyyəli görüşlər və zəngin səfər proqramına görə Meksikalı həmkarına təşəkkürünü bildirib.

Jalə Əliyeva  7 fevral seçkilərinin müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq ölkənin bütün suveren ərazilərində, o cümlədən işğaldan azad olunmuş torpaqlarda keçirildiyini, onun ölkəmizin gələcək inkişafının təmin edilməsi baxımından böyük əhəmiyyət daşıdığını qonaqların diqqətinə çatdırıb.

Söylənən fikirlərə həmrəylik ifadə edən qonaq, seçkilərin demokratik, azad, ədalətli və şəffaf keçirilməsi, vətəndaşların öz iradələrini sərbəst şəkildə ifadə edə bilməsi üçün ölkədə yaradılmış şəraiti yüksək qiymətləndirib. 

Görüç əsnasında Azərbaycan - Meksika Parlamentlərarası münasibətlərində keçilən yola bir daha nəzər salınıb, bu münasibətlərin yüksələn xətlə inkişaf etdiyi vurğulanıb,  əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib. 

Görüşdə həmçinin hər iki ölkə arasında mövcud olan əlaqələrin bütün sahələr üzrə daha da inkişaf etdirilməsi yolları ilə bağlı fikir mübadiləsi aparılıb.

Meksikanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero, Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü İltizam Yusifov və digər rəsmi şəxslər görüşdə iştirak ediblər.