Deyilənə görə, birdən-birə milyonlar səltənətinə düşən Hacı Zeynalabdin Tağıyev puluna güvənib yolundan azmamaq üçün bənnalıq etdiyi baltanı imarətinin ən görməli yerindən asır ki, hər dəfə kasıb günlərini ona xatırlatsın. O, gəlirinin xeyli hissəsini xeyriyyəçiliyə, doğma şəhərinin inkişafına və abadlaşdırılmasına sərf edir, istedadlı gəncləri xaricdə təhsil almağa göndərir, artistlərə sponsorluq edir. Bakıda müsəlman Şərqində ilk dünyəvi qız məktəbini açması onu zəmanəsinin ən mütərəqqi insanları ilə bir cərgəyə qoyur. O dövrdə müsəlman qızlar üçün müasir məktəbin açılması böyük cəsarət tələb edirdi. Çar üsul-idarəsi məktəbin açılmasına mane olur, cahil ruhanilər, qoçular qızların oxuması ilə heç cür razılaşmırdılar. Məktəbin açılmasına icazə almaq üçün Hacı çariça Aleksandra Fyodorovnaya qiymətli hədiyyə bağışlayır və məktəbə onun adının verilməsini təklif edir. Nəhayət, məqsədinə çatır. Böyük maarifçi, Azərbaycanda ilk qəzetin – “Əkinçi”nin naşiri Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova məktəbə ilk direktor təyin olunur. Məktəbə qəbul edilən 58 qızın 35-i yoxsul ailədən çıxmışdı. Onların təhsil haqqını, yemək və geyim xərclərini Tağıyev öz üzərinə götürür. Da Bay adlı bir fransız Parisdə nəşr olunmuş kitabında Bakıda müsəlman qız məktəbinin açılmasını ağlasığmaz möcüzə adlandırırdı.
Gülnar Rəhimqızı: Azəriqaz qadın və inkişaf şurasının sədri.