Bu gün Milli Məclisin plenar iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı müzakirələr keçirilib. Dəyişiklik layihəsinə əsasən, 2022-ci ilin büdcəsində gəlir və xərclərin səkkiz faizdən çox artırılması təklif edilir. Millət vəkilləri dövlət büdcəsində bir sıra xərclərin ilkin proqnozla müqayisədə artırılmasını müsbət qarşılayıblar.
“Hazırda biz müasir Azərbaycan dövlətinin ən güclü dönəmini yaşayırıq və bu tarixə şahidlik edirik. Qəbul etdiyimiz 2022-ci ilin dövlət büdcəsi tariximizdə ən böyük büdcə olmaqla iqtisadi qüdrətimizin göstəricisidir. Bu gün isə biz bu büdcənin gəlir və xərclərinin bir qədər də artırılması ətrafında fikir mübadiləsi aparırıq. Qlobal pandemiya və ümumdünya siyasi və iqtisadi böhranı, dünyadakı qeyri-sabit mənzərə fonunda bu, heç də hər ölkədə müşahidə olunacaq hal deyil”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri çıxışı zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib.
Millət vəkilinin sözlərinə görə, hökumətin ən böyük uğurlarından biri enerji daşıyıcılarından asılı olmayan iqtisadiyyatın inkişafını təşfiq etməsi, bu istiqamətdə ciddi nəticələr əldə etməsidir. Ancaq neft və qaz hasilatındakı uğurları da unutmamaq lazımdır: “Hamımız real, neftdən asılı olmayan iqtisadiyyatın güclənməsini istəyirik. Ancaq eyni zamanda, bizi belə bir fakt da sevindirməyə bilməz ki, bu ilin ilk 5 ayı ərzində neftdən gələn gəlir 3,8 milyard, qazdan isə 3,5 milyard dollar təşkil edib. Tarixdə ilk dəfədir ki, neftlə qazdan əldə olunan gəlir bərabərdir. Başqa sözlə, ölkəmizin neft-qaz ölkəsi statusunu əldə etdiyini əminliklə deyə bilərik”.
E.Allahverdiyev çıxışında iki istiqamətdə ediləcək dəyişikliyi xüsusilə müsbət qiymətləndirib. Onun fikrincə, işğaldan azad edilmiş torpaqların bərpasına və müdafiə xərclərinə yönələn vəsaitin artırılması həm dövlətimizin artan imkanlarını göstərir, həm də reallıqdan irəli gəlir.
“Azad edilmiş torpaqlarımızın bərpasına yönələcək vəsaitin 470 milyon manat artması nəzərdə tutulur. Bu, təsdiqlənmiş proqnoza nisbətən 21,4% çoxdur. Bu artım çox vacibdir, çünki qarşımızda soydaşlarımızın daha tez zamanda öz yurdlarına qayıtmasını təmin etmək kimi vəzifə durur. Müdafiə və təhlükəsizlik xərcləri 595 milyon manat artır ki, bu da təsdiqlənmiş proqnozdan 13,2 % çoxdur. Fikrimcə, bu barədə əlavə nəisə deməyə ehtiyac yoxdur. Azərbaycan özünün iqtisadi və siyasi dominantlığı ilə yanaşı,Vətən müharibəsindən sonrakı hərbi üstünlüyünü də qoruyub saxlamalıdır. Bu istiqamətdə mümkün təhdid və çağırışlara daim hazır olmalıyıq”, - deyə millət vəkili vurğulayıb.
Deputat hesab edir ki, büdcəyə müsbət dəyişikliklərin səbəbi bu ilin ilk 5 ayı ərazində iqtisadiyyatımızın əldə etdiyi uğurlardır. Bu baxımdan, ilin sonunda bizi daha böyük nailiyyətlər gözləyir: “Bütün bu nailiyyətlər Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə hökumətin uğurlu və məqsədyönlü, konkret hədəfə yönəlmiş fəaliyyətinin sevindirici nəticəsidir. Biz 2022-ci ilin cəmi 5 ayını arxada qoymuşuq. Bu baxımdan, qarşıdakı dövr ərazində bizi həm daha böyük nailiyyətlər, həm də bu uğurların səbəbi, istinad nöqtəsi olan intensiv fəaliyyət gözləyir”.