"O, Azərbaycanın üçrəngli bayrağını əbədi etdi"

Jalə Əliyeva: “Heydər Əliyev İli” tariximizə qızıl hərflərlə yazılacaq

 

 

Regionun geosiyasi mənzərəsi özünün gərginliyi ilə diqqət çəksə də, mövcud vəziyyət torpaqlarımızın erməni işğalından azad edilməsi, insanlarımızın hüquq və azadlıqlarının qorunması, təhlükəsizliyinin təminatı kontekstində təhlil olunarkən, artıq xalqın belə bir qarışıqlıq içindən özünə yeni bir Zəfər Yolu açması önə çəkilməklə yüksək dəyərləndirilir. 2020-ci il 44 günlük müharibədən zəfərlə ayrılan Azərbaycan dövlət başçısının xalqın iradəsi ilə 2 il sonra məhz 2023-cü ili Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar, “Heydər Əliyev İli” elan etməsi də bu Zəfər yolunun məntiqi davamı, nəticəsidir. Ulu öndər Heydər İli daha böyük uğurlarla tarixə yazılmaqdadır.

 

Versus.az xəbər verir ki, bu istiqamətdə  müsahibə verən Milli Məclisin deputatı Jalə Əliyeva “Heydər Əliyevin anadan olmasının 100 ili” kontekstində ölkədə cərəyan edən  bir çox məqamlara diqqət çəkib.

 

- "Ümummilli Lider Heydər Əliyev ili"ni Azərbaycan dövləti, xalqı hansı ruhla yaşamaqdadır? Eyni zamanda özünün gərginliyi, dinamikliyi ilə diqqətçəkən proseslər fonunda Azərbaycan ictimaiyyəti ulu öndərin 100 illik yubileyini  necə qeyd edir, ulu öndər necə yad edilir?

 

– Bu il ulu öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində ölkə, xalq olaraq çox əhəmiyyətli tədbirlərə, layihələrə imza atırıq. Ölkəmizin hər bir tərəfində ümummilli liderin yubileyi böyük təntənə ilə qeyd edilir. Hər bir Azərbaycan vətəndaşı yaşından, kimliyindən asılı olmayaraq ulu öndəri ehtiramla anır. Bu günlərdə onunla çiyin-çiynə işləmiş, onu şəxsən  tanıyan və hətta tanımayan, ulu öndəri kitablarda yazılan xatirələrdən tanıyan, onun keçdiyi böyük yol haqqında kitablardan öyrənən gənc nəsil belə Heydər Əliyev haqqında söz demək, danışmaq istəyir. Ulu öndər  Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətləri, onun bizə qoyduğu miras və verdiyi töhfələr o qədər böyükdür ki, o borcdan çıxmaq üçün illərboyu çalışmalıyıq. Ulu öndərin qarşısında baş əyirik və ömürboyu ona minnətdarıq.

Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olduğu hər iki dövrdə Azərbaycan, xalqımız üçün mümkünsüz görünənləri reallaşdırdı. Ulu öndərin Azərbaycan dilinin qorunub bu günümüzə qədər gətirilib çıxarılmasında, Azərbaycan tarixinin yaşadılmasında, mədəniyyətinin qorunub saxlanılmasında, Azərbaycan sənayesinin, iqtisadiyyatının dirçəldilməsində, hələ SSRİ miqyasında dünyaya tanıdılmasında, elmi potensilalının gücləndirilməsində xidmətləri  əvəzsizdir. Məhz Heydər Əliyevin sayəsində Azərbaycan xalqı hələ SSRİ dönəmində öz kimliyini qoruyub bu günümüzə gətirib çıxarda bildi. Hakimiyyətə ikinci dəfə gəlişində, müstəqillik dövrümüzdə  yenə də tamamilə dağılmış, yox olmuş ölkənin iqtisadiyyatını, büdcəsini ayaq üstə qaldırdı. Olum-qalım mübarizəsi aparan bur xalqın səsinə səs verib, harayına gəldi və ölkəsini dünya coğrafiyasında yox olmaqdan xilas etdi. O, Azərbaycanın üçrəngli bayrağını əbədi etdi. Ötən zaman kəsiyində  biz onun Azərbaycan qarşısındakı xidmətlərini  getdikcə daha çox anlayır, dərk edirik. Anlayırıq ki, yer üzündə elə insanlar, elə şəxsiyyətlər var ki, onlar həqiqətən də öz ölkəsinə, xalqına Tanrının lütfü olaraq göndəriliblər. Heydər Əliyev də həmin şəxslərdən biri idi, birincisi idi.

 

- Torpaqları işğal altında qalan və uzun müddət  insanlarımızın pozulan hüquqlarının bərpası tələbi ilə dünyaya edilən müraciətlərimiz bu gün hansı nəticəni verməkdədir?

 

- Təəssüf ki, Azərbaycan torpaqları 30 il işğal altında qaldı. 30 il Azərbaycan insanı əzablara, işgəncələrə məruz qaldı. Azərbaycan xalqının iradəsi qırılmadı, xalq öz mübarizəsini sona qədər apardı. Təəssüflər olsun ki, bu haqlı  mübarizəni uzun illər boyu bir çox beynəlxalq qurumlar, təşkilatlar görməzlikdən, duymazlıqdan gəldilər. Azərbaycanın haqq səsinə səs vermək əvəzinə erməni işğalçılarını, erməni vandallarını müdafiə etdilər. Qarabağın Azərbaycan torpaqları olması ilə bağlı beynəlxalq qətnamələrin mövcud olmasına baxmayaraq, Ermənistan bu qətnamələri də kobud şəkildə pozdu. Amma işğalçı dövlət beynəlxalq təşkilatlar tərəfindən vaxtında qınanılmadı. Bəlkə də işğalçı Ermənistan vaxtında dünya ictimaiyyətinin qınağına səbəb olsaydı, ermənilər işğal siyasətindən çəkindirilsəydilər heç müharibələr də olmazdı. Və 30 illik münaqişə çox-çox illər əvvəl öz həllini tapardı. Azərbaycana qarşı həyata keçirilən ikilistandartlı siyasət bu münaqişənin həllini uzun illər uzatdı. 44 günlük müharibə nəticəsində Azərbaycan özünün torpaq bütünlüyünü, suverenliyini  bərqərar etdi və Azərbaycanın bayrağı əzəli torpaqlarımızda, Qarabağın bütün guşələrində dalğalanmağa başladı. O torpaqlar təkcə işğal edilmədi, insanımız  sadəcə qovulmadı, həm də bu torpaqların üzərində qalan mədəni-tarixi abidələrimiz yer üzündən  silindi. Bizim abidələrimizə, qəbiristanlıqlarımıza, məscidlərimizə qarşı vandalizm aktı, soyqırımlar törədildi.  Bütün bunları  görən dünya nədənsə susqun qaldı.

Əlbəttə, Azərbaycan öz hüquqi haqqını qorudu və özünün mübarizəsində qələbə çaldı.  Bu gün artıq Qarabağımızda böyük quruculuq işləri gedir. Biz Qarabağa qayıtmışıq və orada görülən bərpa işləri ilə onun cənnət simasını yendən özünə qaytarırıq. Bütün görülən işlər üçün ölkə Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarıq. Biz bu qələbəni böyük birliyin nəticəsində əldə etdik. Təbii ki, ulu öndərimiz hər zaman məcburi köçkünlərlə görüşündə torpaqların işğaldan azad olunacağını böyük inam və əminliklə bildirirdi. 2020-ci il 8 Noyabr zəfərindən sonra Ali Baş Komandanın ulu öndərin məzarını ziyarət edərək, ata vəsiyyətini yerinə yetirdiyini, torpaqların işğaldan azad olunduğunu deməsi hər bir Azərbaycan vətəndaşının qürurla xatırladığı mühüm məqamlardan biridir. Bəli, müzəffər Ali Baş Komandan ulu öndərin torpaqların işğaldan azad olunması istiqamətində istər daxildə, istərsə də xarici siyasətdə atılan uğurlu təməllər üzərində böyük bir zəfəri inşa etdi. Bu gün ulu öndər həm də özü kimi inandığı yetirməsi, müzəffər Ali Baş Komandan, qətiyyətli siyasi lider kimi yetişdirən böyük şəxsiyyət, gözəl ata, baba kimi də xatırlanır, anılır. “Heydər Əliyev ili” tariximizdə qızıl hərflərlə yazılacaq. (Həftə içi)