Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün ordu quruculuğu prosesi yeni mərhələyə qədəm qoymuşdur. Hərbçilərimizin peşəkarlığının artırılması istiqamətində təlimlərin keçirilməsi, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, ən müasir silah və texnika ilə təchizatının daim ön planda saxlanılması nəticəsində Silahlı Qüvvələrimiz qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrilmişdir. 27 sentyabr 2020-ci il tarixdən başlamış Vətən müharibəsində Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı şanlı qələbə təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoymaqla, ordumuzun gücünü əyani şəkildə nümayiş etdirmiş oldu. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə mühüm inkişaf prosesləri həyata keçirilir. Müxtəlif sahələrlə yanaşı Ordu quruculuğu prosesi də uğurla davam etdirilir. Bu ərazilərdə yeni hərbi hissələrin yaradılması Ordumuzun gücünə güc qatmaqla daha dinamik, düşmənə daha çevik cavab verə biləcək qabiliyyətdə olmasını təmin edəcək. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı qeyd etmişdir : Bu gün Silahlı Qüvvələrimizlə fəxr edə bilərik. Bu gün biz müzəffər xalq kimi, qalib ölkə kimi Ordu Gününü qeyd edirik. İşğal illəri dövründə hərbçilərlə çoxsaylı görüşlərdə - hərbi hissələrdə, səngərlərdə, Lələtəpə zirvəsində, hərbi paradlarda hər zaman deyirdim ki, gün gələcək biz öz doğma torpaqlarımızı qaytaracağıq. Hər zaman deyirdim ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmasa, biz hərbi yolla Qarabağ məsələsini həll edəcəyik. Belə də oldu. Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi.
Ələkbər Kərimov
YAP Zərdab Rayon Təşkilatının fəalı
Gənclər və İdman idarəsinin rəisi