Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olubdur

Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olubdur.

İlham Əliyev: Bizim münasibətlərimiz iki qardaş ölkə arasında olan münasibətlərdir

Azərbaycanın milli maraqlar üzərində qurulan xarici siyasəti multiregional səciyyə daşıyır. Respublikamız həm Avropa İttifaqı (Aİ) məkanına, həm də geniş İslam coğrafiyasına aid olan ölkələrlə ikitərəfli və çoxtərəfli platformalarda sıx əməkdaşlıq edir. Bunu hər iki qütbdən olan dövlətlərin yüksəksəviyyəli rəsmilərinin son vaxtlarda Bakıya intensivləşən səfərləri də təsdiqləyir. Çox xoşdur ki, respublikamız bir növ qlobal əməkdaşlıq və qlobal dialoq məkanına çevrilib. Bu fakt ölkəmizə və onun Liderinə beynəlxalq səviyyədə artan etimadın ifadəsidir.

Bu günlərdə daha bir yüksəksəviyyəli qonaq – Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanda rəsmi səfərdə olub. Uğurlu keçən səfər çərçivəsində bir sıra mühüm tədbirlər baş tutub, ikitərəfli və regional məsələlər ətrafında aktual müzakirələr aparılıb. O cümlədən rəsmi qarşılanma mərasimindən sonra Prezident İlham Əliyevin Baş nazir Məhəmməd Şahbaz Şərif ilə təkbətək və geniştərkibdə görüşləri keçirilib. Eyni zamanda, Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər.

Qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulan münasibətlər Azərbaycan və Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Müşahidə edilən odur ki, Azərbaycan-Pakistan münasibətlərinin yüksələn xətlə inkişafına həm dövlətlər səviyyəsində qətiyyətli siyasi iradə nümayiş etdirilir, həm də buna cəmiyyətlərimizin böyük istəyi var. Prezident İlham Əliyevin mətbuata verdiyi Bəyanatında bildirdiyi kimi, Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olubdur. Məhəmməd Şahbaz Şərif isə iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsindən bəhs edərkən “Pakistan və Azərbaycan iki qardaş xalqdır. Bizim münasibətlərimiz qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulub”, – deyə bildirib.

Ənənəyə uyğun olaraq Pakistan İslam Respublikasının rəsmisi bu dəfə də Bakıda əziz qonaq kimi qarşılanıb. Prezident İlham Əliyev Baş nazirin ölkəmizə səfərindən məmnunluq ifadə edib: “Mən çox şadam ki, əziz Qardaşım Azərbaycanda səfərdədir. Bizim münasibətlərimiz iki qardaş ölkə arasında olan münasibətlərdir. Bizim Baş nazirlə təmaslarımız müntəzəmdir. Biz ötən il müxtəlif beynəlxalq tədbirlər çərçivəsində iki dəfə görüşmüşük. Mən minnətdaram ki, cənab Baş nazir dəvətimi qəbul edib və ölkəmizə rəsmi səfərə gəlib”.

Dost Pakistan İslam Respublikasının Baş nazirinin özü də Azərbaycanda əziz, həmişə gözlənilən qonaq kimi qarşılanmasından və paytaxt Bakıda gördüklərindən vəcdə gəldiyini gizlətməyib. O, ölkəmizin, Bakının inkişafının, ilk andan müşahidə etdiyi müsbət dəyişikliklərin onu sözün yaxşı mənasında təəccübləndirdiyini və onda xoş təəssüratlar oyatdığını səmimiyyətlə dilə gətirib. O, paytaxtımızın təcrübəsini öz ölkəsində də tətbiq etmək istəyini bildirib. Prezident İlham Əliyevə xitab edən Baş nazir deyib: “Sizin gərgin əməyiniz və rəhbərliyiniz sayəsində ölkənizdə böyük işlər görülüb. Mən İslamabada qayıtmamışdan öncə Sizdən bir neçə xahiş edəcəyəm. Bizim şəhər planlaşdırılması və yaşıllaşdırma sahəsində sizin təcrübənizə ehtiyacımız var. Şəhəriniz son dərəcə təmizdir, tullantıların emalı məsələsi, yəni, bu sahələrdə bizim sizin təcrübənizə ehtiyacımız var. Həqiqətən də mən çox şadam və məmnunam ki, ölkəniz bu cür inkişaf edib”.

Səfər çərçivəsində keçirilən tədbirlərdə və mətbuata verilən bəyanatlarda bu gün paytaxt Bakıda və respubliamızın bölgələrində Pakistan İslam Respublikasının bayrağının asılmasına xüsusi vurğu edilib. “Daha mühüm amillərdən biri odur ki, xalqlarımız da öz rəhbərliyinin fikrini bölüşür və Bakının müxtəlif yerlərində Pakistan bayraqlarını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır. İki il yarım bundan öncə müharibə başa çatsa da, burada Pakistan bayraqları hələ də dalğalanır. Bu, xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Pakistanın Baş naziri isə ölkəsində Azərbaycana xüsusi rəğbət bəslənildiyini diqqətə çatdırıb. O, ikitərəfli münasibətlərin dərinləşməzinə Azərbaycan Prezidentini xüsusi töhfə verməsindən məmnunluğunu ifadə edərək deyib: “Təyyarə Bakı hava limanına enərkən mən gördüm ki, orada Pakistan bayrağı dalğalanırdı, hətta hava limanından kənarda da. Nümayəndə heyətinin üzvü mənə dedi ki, cənab Baş nazir, baxın, kənarda belə Pakistan bayrağı dalğalanır. Bu, Azərbaycanda Pakistana olan münasibətdir və eyni dərəcədə Pakistan xalqı da Azərbaycan xalqını sevir, qardaş və bacı olaraq. Siz də uzaqgörən lider olaraq bu işə öz töhfənizi vermisiniz. Tam səmimi olaraq deyə bilərəm ki, əsrlər boyu davam edən bu münasibətlər çox güclüdür”.

Bir-birinin ərazi bütövlüyünə dəstək verən ölkələr

Dünyada bir neçə dövlət var ki, Ermənistanın işğalçılıq siyasətinə görə  bu ölkə ilə diplomatik münasibətlər qurmayıb. Pakistan da belə ölkələr sırasında yer alır. Bu isə qardaş ölkə mövqeyidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqı çox gözəl bilir ki, 44 günlük müharibə dövründə kim bizimlə bir yerdə idi. Bu ölkələr Türkiyə və Pakistan idi. Hər iki ölkə müharibə zamanı respublikamıza ciddi siyasi dəstək nümayiş etdirdi. “Bu gün mən cənab Baş nazirə Azərbaycan və Ermənistan arasında sülh sazişi üzərində hazırda gedən danışıqlarla bağlı məlumat verdim. Bu sazişin imzalanmasının perspektivləri var, sadəcə olaraq, Ermənistan siyasi iradə nümayiş etdirməlidir və artıq rəsmi olaraq bəyan etdiklərini kağız üzərində həkk etməlidir ki, Qarabağ Azərbaycandır!”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Oxşar problemlə Pakistan da üzləşib. Kəşmir münaqişəsi uzun illərdir ki, davam edir. Prezident İlham Əliyev Azərbaycanın öz növbəsində bu məsələdə dost ölkənin yanında olduğuna diqqət çəkib: “Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır”.

Pakistanın Baş naziri mənəvi dəstəyə görə dövlətimizin başçısına dərin minnətdarlığını ifadə edib: “Təşəkkür edirəm Sizə, cənab Prezident, Siz Kəşmir məsələsində hər zaman bizim bacı-qardaşlarımızın yanında olmusunuz. Son 70 ildən artıq bir dövrdə biz Hindistanın terror aktlarına, misilsiz zorakılığına məruz qalmışıq. Orada hər cür pozuntular baş veribdir. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri hətta o dərəcədə kobud şəkildə pozulmuşdu ki, vaxtilə – ötən əsrin 50-ci illərində cənab Nehru öz parlamentində söz vermişdi ki, Hindistan öz vədlərinə əməl edəcəkdir. Amma təkcə o vəd deyil, ondan sonra bir sıra öhdəliklər tarixin zibilliyinə göndərilmişdir. Onların törətdiyi vəhşilik minlərlə kəşmirli bacı-qardaşımızın həyatına son qoymuşdur, onlar şəhid olmuşdur. Hətta iki-üç yaşlı uşaqlar belə qətlə yetirilmişdir. Hər gün həmin ərazidə mülki insanların cəsədlərini görmək mümkündür”.

Dost ölkənin yüksəksəviyyəli rəsmisi Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqlar aparılmasından məmnunluğunu ifadə edib. Ölkəsinin Ermənistanla gələcək münasibətlərinə diqqət çəkən Baş nazir deyib: “Siz yalnız Ermənistanla sülh sazişini imzalayandan sonra bizə bir mesaj versəniz, bu məsələyə yenidən baxa bilərik. Bu məsələdə də biz birmənalı olaraq Azərbaycanı dəstəkləyirik”.

Müdafiə sənayesi sahəsində əməkdaşlıq

Azərbaycanla Pakistan arasında əməkdaşlıq perspektivləri kifayət qədər genişdir. Prezident İlham Əliyev bildirib ki, biz ikitərəfli gündəliyimizə daxil olan bir çox məsələləri, eyni zamanda, regional prosesləri, regional təhlükəsizlik məsələlərini müzakirə etdik. Bizim irəliyə getməyimizlə bağlı tam aydın təsəvvürümüz var. Biz razılığa gəldik ki, artıq Azərbaycandan bir neçə nümayəndə heyəti Pakistana səfər edəcəkdir. Biri ticarət və sərmayə məsələsi, növbəti nümayəndə heyəti enerji məsələsi ilə məşğul olacaq, üçüncüsü isə müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdən keçirəcəkdir. “Biz, eyni zamanda, razılığa gəldik ki, ticarətimizin həcmini artırmaq üçün daha ciddi səylər göstərək. Biz bu istiqamətdə anlaşma memorandumu imzalayacağıq və məhsulların siyahısı üzərində işləyəcəyik ki, həmin siyahı bizim ticarət dövriyyəmizin artırılmasına xidmət edəcək”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, təhsil sahəsində böyük potensialı görürük. Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır və bu prosesin necə sürətlə getdiyinə baxsaq görərik ki, ötən il sadəcə 100 tələbə təhsil alırdı. Yəni, biz daha çox pakistanlı qardaşlarımızı burada görmək istəyirik. Eyni zamanda, Pakistanda təhsil alan azərbaycanlılar da var. Bu gün onlar müxtəlif sahələrdə təhsil alaraq, qayıdıb ölkəmizə töhfələrini verirlər.

Səfər çərçivəsində keçirilən görüşlərdə  müdafiə sənayesi sahəsində əməkdaşlıq da müzakirə mövzusu olub. “Artıq qeyd etdiyim kimi, birgə hərbi təlimlərin sayının artırılması məsələsini müzakirə etdik, buna ehtiyac var. Çünki dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycanın Pakistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirmək istəyi başadüşüləndir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan 30 il ərzində Ermənistanla danışıqlarda iştirak edirdi və bu danışıqlar heç bir nəticə vermədi. Yalnız bizim hərbi gücümüz və Azərbaycan Ordusunun əzmi ərazi bütövlüyümüzü bərpa etdi. Bu, danışıqlar və ya hər hansı bir vasitəçilik hesabına baş vermədi. Əksinə, həmin vasitəçilik səyləri vəziyyətin dondurulmasına gətirib çıxarmışdı. Biz bununla qəti razı olmadıq. Biz ərazi bütövlüyümüzü bərpa etdik, torpaqlarımızı 3 min övladımızı şəhid verərək döyüş vasitəsilə aldıq. Fikirlərinə davam edən Prezident İlham Əliyev deyib: “Biz görürük ki, beynəlxalq hüquq selektiv şəkildə tətbiq edilir. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri icra edilir, digərləri yox. Biz hər ikimiz bunu yaxşı bilirik. Ona görə, ərazi bütövlüyü, təhlükəsizlik və firavanlıq, əlbəttə ki, Sizin ölkənin iqtisadi və hərbi gücü ilə bağlıdır. Bütün bu məsələlərdə bizim qarşılıqlı tam anlaşmamız var”.

Geniş sərmayə imkanları

Enerji sektorunu iki ölkə arasında perspektiv əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi səciyyələndirmək mümkündür. Baş nazir Məhəmməd Şahbaz Şərifin qeyd etdiyi kimi, Azərbaycan zəngin təbii sərvətlərə, o cümlədən böyük neft-qaz sərvətlərinə malikdir. Pakistanın isə bu sahədə sıxıntıları var. Bu ölkə enerji tələbatının ödənilməsində böyük dərəcədə idxala bağlıdır. Enerji resusrslarının alınmasının Pakistana çox baha başa gəldiyini deyən Baş nazir bildirib: “Ötən il biz bu sahəyə 27 milyard ABŞ dolları xərcləmişik. Yəni, əziz qardaşım, biz bunun öhdəsindən gələ bilmirik, çünki müxtəlif çağırışlarla üz-üzəyik. İnflyasiya, idxal olunan neftin qiymətinin qalxması və Ukrayna münaqişəsi səbəbindən bizim ölkəmiz böyük təzyiqlə üz-üzədir. Təsəvvür edin, ona görə biz enerjiyə 27 milyard ABŞ dolları xərcləmişik. Maşallah, Azərbaycanın bu sərvəti var və biz Azərbaycanla, eyni zamanda, neft-kimya məhsulları sahəsində əməkdaşlıq etmək istəyirik. Biz Səudiyyə Ərəbistanının “Aramco” şirkəti ilə danışıqlar aparırıq və çox şad olarıq ki, Azərbaycan da bu məsələyə qoşulsun və bizim həmin bu sahəyə xərclədiyimiz pulun bir hissəsini sərmayə olaraq öz üzərinə götürsün. Bizim Günəş enerjisi sahəsində potensialımız var. Biz arzularımızı gərgin əmək sayəsində həyata keçirə bilsək, əziz Qardaşım, Sizi inandırıram ki, biz çox bahalı olan bu xərci, yəni, nefti idxal etmək məsələsini Günəş enerjisi vasitəsilə mübadilə edə bilərik. Biz hətta bu enerjini ixrac edə bilərik, bu, mümkündür. Çünki bizim bu sahədə potensialımız 10 min meqavata bərabərdir. Sizi də dəvət edirəm. Siz də bu məsələyə çox müsbət rəy verdiniz ki, bu sahədə də Azərbaycan iştirak edə bilər, sərmayə qoya bilər. Biz də hər cür dəstək göstərməyə hazırıq ki, Azərbaycan bu sahəyə daxil olsun”.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ölkəsindən Azərbaycana düyü ixrac edildiyinə diqqət çəkib. Bu sahədə ixrac həcmlərinin artırılması üçün imkanların olduğunu detyən Baş nazir vurğulayıb: “Mənim nümayəndəm buradadır, o da bu işdə çox intensiv çalışır ki, biz düyü ixracını artıra bilək. Sizə və Hökumətinizə təşəkkür edirəm, hər cür rüsumları aradan qaldırdınız ki, Pakistan düyüsü Azərbaycan bazarına maneəsiz ixrac edilsin. İnşallah, Pakistanın Basmati düyü brendi də Azərbaycanda supermarket şəbəkələrində təqdim olunacaq”.

Turizm də iki ölkə arasında əməkdaşlığın perspektivli istiqamətlərindən biri sayılır. “Eyni zamanda, biz turizm sahəsini də inkişaf etdirmək istəyirik. Mən çox məmnuniyyətlə qeyd edə bilərəm ki, “Azərbaycan Hava Yolları” – AZAL tezliklə Bakıdan İslamabada uçuşlara başlayacaq. Əlbəttə, “Pakistan Beynəlxalq Hava Yolları” da əməkdaşlıq edəcəkdir. Mənim bildiyimə görə, Kəraçi və Lahora da reyslər açıla bilər. Mən Azərbaycanın nəqliyyat nazirini də Pakistana səfərə dəvət edirəm ki, bu məsələləri müzakirə edək və bu sahədə turizmi inkişaf etdirək”, – deyə Pakistanın Baş naziri vurğulayıb.

 

Ələddin Zeynalov

Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı