“Prezidentin Fransa ilə bağlı bəyanatı dünyada ciddi əks-səda doğuracaq”


“Fransanın qəddar müstəmləkəçilik siyasətindən ən çox əziyyət çəkən ölkələr məhz Qoşulmama Hərəkatında təmsil olunurlar. Ona görə də bu təşkilat Azərbaycana qarşı açıq düşmənçilik siyasəti yürüdən Parislə mübarizə baxımından əlverişli kürsüdür. Azərbaycan Prezidentinin hərəkatın Əlaqələndirmə Bürosunun nazirlər görüşündə səsləndirdiyi sərt bəyanatı dünyada ciddi əks-səda doğuracaq. Bu gün Azərbaycan Qoşulmama Hərəkatına rəhbərlik etməklə yanaşı, faktiki olaraq Fransanın, əsasən də onun prezidenti Makronun eqoist, məkrli niyyətlərinə qarşı formalaşmış cəbhədə də liderlik statusuna malikdir”.

Bu sözləri OxuAz.infoya açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

Millət vəkili hesab edir ki, Makron Fransa tarixində ən bərbad xarici siyasət və idarəçilik metodları olan prezident kimi yadda qalacaq:

“Fransa boyda ölkənin lideri ən azı bilməlidir ki, şüşədən ibarət evdə oturub ətrafdakılara daş atmağın sonu yaxşı nəticələnməyəcək. Makron bizə insan hüquqları, demokratiyadan “mühazirə oxumağa” çalışır, Türkiyəni “soyqırımı”nda günahlandırır, Azərbaycanı “etnik təmizləmə”də suçlayır. Özünün tarixi isə insanlığa, bəşəriyyətə qarşı cinayətlərlə doludur. XXI əsrdə keçmiş müstəmləkəçi dövlətlərdən Fransa qədər qəddar, zorakı, iyrənc metodlara əsaslanan siyasət yürüdən dövlət yoxdur”. E.Allahverdiyevin sözlərinə görə, istənilən müstəmləkəçiliyin əsasında işğal, zəbt, iqtisadi talan durur, ancaq Fransa bu siyasətin qeyri-etik yollarına da əl atır. “Bu gün rəsmi Parisin Afrikadakı bir sıra ölkələrə qarşı tətbiq etdiyi alçaldıcı məhdudiyyətlər müasir, insan hüquqlarının prioritet olduğu dünya üçün həqarətdir, təhqirdir. Bu səbəbdəndir ki, Afrikada artıq Fransaya qarşı ciddi müqavimət hərəkatı başlayıb və bu prosesin Parisin zorakı üsul-idarəsinin məğlubiyyəti ilə yekunlaşacağına şübhə yoxdur” - deyə millət vəkili bildirib.

O qeyd edib ki, dünyada baş verən texnoloji tərəqqi, təhsilin səviyyəsinin artması, internetin inkişafı ilə əlaqədar olaraq informasiyanın gizlədilməsinin mümkünsüzlüyü Fransa kimi ölkələrin ekspansiyasına qarşı hərəkatı gücləndirəcək:

“Bu siyasət Fransanın əsrlər öncəki tarixindən qaynaqlanır. Makrondan əvvəl də bunun təzahürünü görürdük. Məsələn, Parisin açıq okeanda həyata keçirdiyi nüvə sınağının təbiət üçün hansı ziyanlara səbəb olduğunu bilirik. Yaxud Əlcəzairdə 1,5 yarım insana qarşı törədilmiş soyqırımı, əhalini nüvə partlayışlarının qurbanına çevirməsi əvvəlki prezidentlər dövründə olub. Ancaq Makronun dövründə bu neomüstəmləkəçilik öz əndazəsinə də sığmır. Bu adam öz ölkəsindəki xaosla bacara bilmir, dünyaya dərs keçmək istəyir”.

Azərbaycan Prezidenti İlham Əliyev yüksək beynəlxalq kürsüdən artıq ikinci dəfədir ki, dünyanın diqqətini Fransanın qanlı əməllərinə yönəldir. E.Allahverdiyevin fikrincə, bu, Makronun azərbaycanafob siyasətinə qarşı tutarlı və arqumentli cavabdır: “Bu yaxınlarda Makron erməni diasporu ilə görüşündə bildirib ki, Azərbaycana təzyiq edir. Təbii ki, bu, onun xülyasıdır. Küçədə öz vətəndaşlarından dəfələrlə sillə yeyən bir lider başqa dövlətə necə təzyiq edə bilər? Azərbaycan Prezidentinin son çıxışı, dünyaya etdiyi çağırış və Fransa qarşısında qoyduğu tələb kimin kim olduğunu göstərdi”.