Səxavət Məmmədov: “O müdhiş günlərdə Ümummilli Lider Heydər Əliyevin respublikada yoxluğu günün ən böyük və ən acı həqiqəti kimi dərk olundu”

“1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni və həlledici mərhələnin başlanğıc nöqtəsi oldu. Lakin Azərbaycanın tarixinə Qanlı Yanvar adı ilə həkk olunmuş hadisə xalqımız üçün təkcə böyük faciə olmadı. O, həm də xalqımızın öz ləyaqətini qorumaq və müstəqillik arzusunu həyata keçirmək üçün hər cür qurban verməyə hazır olduğunu nümayiş etdirən şərəfli bir tarix səhifəsidir. Birmənalı olaraq 20 Yanvar faciəsi siyasi maraqlar naminə Azərbaycan xalqına qarşı törədilmiş bir cinayətdir. O dövrdə Azərbaycanın milli maraqlarına zidd addımlar atan respublika rəhbərliyinin istefası tələbini irəli sürən və Qarabağın Ermənistana birləşdirilməsinə qarşı qətiyyətlə çıxış edən xalqı cəzalandırmaq məqsədilə Kreml Qanlı Yanvar qırğınını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun xüsusi təyinatlı dəstələri və daxili qoşunların iri kontingenti xüsusi qəddarlıqla müşayiət olunan hücum əməlyyatı ilə Bakını zəbt etdilər.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov deyib.

İdarə rəisi 20 Yanvar hadisələrində fövqəladə vəziyyətin tətbiq edilməsinə dair bütün qəbul edilmiş qaydaların kobud şəkildə pozulduğunu vurğulayaraq əhalinin qərar barədə qəsdən xəbərdar olunmadığını qeyd edib: “Məlumdur ki, “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il Beynəlxalq Aktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməlidir. Lakin, 1990-cı ildə Bakıda fövqəladə vəziyyətin yanvarın 20-də saat 00:00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri artıq yanvarın 19-da saat 21:00-dan etibarən ilk olaraq Türkan-Qala istiqamətindən şəhərə yeridildi. “Bakı əməliyyatı”na rəhbərliyi isə birbaşa SSRİ-nin müdafiə və daxili işlər nazirləri, eləcə də DTK sədrinin müavini həyata keçirirdilər. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Yalnız kütləvi insan qırğını törədildikdən sonra – yəni 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdi. Halbuki, yanvarın 20-də saat 00:00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş texnikasından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdü. Qanlı Yanvar hadisələri zamanı Azərbaycanın paytaxtına və bir sıra rayonlarına sovet ordusu hissələrinin qanunsuz yeridilməsi, dinc əhalinin qırılması totalitar rejimin törətdiyi ən qanlı aktlardan biri, bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayət oldu. Şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız adamların - qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını belə atəşə tuturdular. Xalqın başına gətirilən bu cinayət sovet imperiyasının iç üzünü bariz bir şəkildə ortaya çıxartdı. Əslində imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə ittifaqa üzv olan digər respublikalara göz dağı vermək planı, imperyanı zor gücünə mühafizə etmək təşəbbüsü də boşa çıxmış oldu.”

Daha sonra Səxavət Məmmədov 20 Yanvar faciəsinin yaşandığı həmin məşəqqətli günlərdə Azərbaycan xalqının ən çox ölkə rəhbərliyində, eləcə də kütlə içərisində həqiqi liderin olmamasından əziyyət çəkdiyini vurğulayaraq bunları deyib: “O müdhiş günlərdə Ümummilli Lider Heydər Əliyevin respublikada yoxluğu günün ən böyük və ən acı həqiqəti kimi dərk olundu. 1993-cü ilə qədər Azərbaycana rəhbərlik edən şəxslərin heç biri bu faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. Lakin həmin günlərdə Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən yenə də məhz Ulu Öndər oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu Öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan dərhal çıxarılması tələbini irəli sürdü. Ümummilli Lider Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də Moskvada, imperiyanın mərkəzində faciəyə verilən ilk siyasi qiymət idi. Öz bəyanatında Ulu Öndər demişdi: “Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər – 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır”. 1990-cı ilin noyabr ayının 21-də isə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən qərar qəbul etdi. Artıq Azərbaycanda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra, 1994-cü ilin mart ayının 29-da Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi.”

Sonda idarə rəisi 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin həlli məsələsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb: “Bu gün Azərbaycanda Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşdırılıb. Azərbaycan dövləti və şəxsən möhtərəm Prezidentimiz 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün cənab Prezident İlham Əliyev tərəfindən mühüm addımlar atılmışdır və bu istiqamətdə işlər indi də davam etdirilir. Azərbaycan xalqı 1990-cı ilin yanvarında doğma Vətənin azadlığı uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxmış, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarını heç zaman unutmur. Hər il yanvarın 20-də saat 12:00-da milli həmrəyliyimizin ən böyük təzahürlərindən biri kimi, Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Bunu da qeyd etmək lazımdır ki, 2020-ci ilin noyabr ayında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan xalqını Şuşanın azad edilməsi ilə bağlı müjdələmək üçün məhz Şəhidlər Xiyabanını məkan olaraq seçməsi də şəhidlərimizin ruhuna ən böyük ehtiramın təzahürüdür”, - deyə Səxavət Məmmədov fikirlərini tamamlayıb.