Uğurlarımızı həzm edə bilməyən AŞPA- Jalə Əliyeva

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ermənipərəst dairələrin sifarişlərini yerinə yetirməsi ilə əlaqədar artıq heç bir şübhə yeri qalmayıb. Beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməyən işğalçı Ermənistanın qəddarlığına, bu ölkənin bir milyondan artıq soydaşımızın hüquqlarını kobud şəkildə pozmasına laqeyd yanaşan bir qurumun hazırda Azərbaycana münasibətdə sərgilədiyi qərəzli mövqe onların islamofob və türkofob təfəkkürünün bariz nümunəsidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva söyləyib.

O qeyd edib ki, AŞPA-nın qış sessiyasının açılışı günündə ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiqlənmədikdən sonra Azərbaycan nümayəndə heyəti haqlı olaraq qurumla əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəldikləri barədə bəyanat verdi. Sözsüz ki, AŞPA-nın bu təşəbbüsü Qərbin anti-Azərbaycan qüvvələrinin bu kimi qurumları ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə etmək niyyətinin ifadəsidir.

“AŞPA-nın və eyni zamanda, bu kimi digər çoxsaylı qurumların əsas öhdəliklərindən biri də Qarabağ məsələsinin həllinə nail olmaqdan, 30 ilə yaxın müddət ərzində işğala, vandalizmə məruz qalan Azərbaycan xalqının hüquqlarını bərpa etməkdən ibarət olduğu halda, Qarabağ məsələsindən istifadə edərək bölgədə gərginlik yaratmaqları, heç bir əməli addım atmamaları bu qurumların erməni lobbisinin diktəsinə uyğun hərəkət etdiklərindən xəbər verir. Məhz ədalətsiz mövqe sərgiləyən bu kimi qurumların hərəkətsizlikləri Azərbaycanı öz ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etmək məcburiyyətində qoydu.

Biz fəxrlə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyev ölkəmizdə və regionumuzda, eləcə də bütün dünyada sülhün bərqərar edilməsi üçün zaman-zaman mümkün olan bütün addımları atıb. Heydər Əliyevin BMT, ATƏT, AŞPA tribunalarından dəfələrlə səsləndirdiyi sülh çağırışları heç kəsin yadından çıxmayıb. Bütün dünya, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının iclaslarını apararkən, AŞPA Nazirlər Komitəsinin sessiyalarına sədrlik edərkən, Türk Dövlətləri Təşkilatının və Qoşulmama Hərəkatının sədri kimi çıxışlarında səsləndirdiyi sülh çağırışlarından xəbərdardır. Lakin buna baxmayaraq Ermənistanın, ermənipərəst qüvvələrin, onların havadarlarının pozuculuq fəaliyyəti Azərbaycanı Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etmək məcburiyyətində qoydu. Azərbaycan dəfələrlə məsələnin dinc yollarla həllinə tərəfdar olduğunu elan etsə də, AŞPA və bu kimi qurumlar öz vəzifələrini yerinə yetirmək, Azərbaycanın haqlı mübarizəsini görmək, eşitmək və həllinə sülh yolu ilə yardımçı olmaq istəmədilər. Beynəlxalq təşkilatların fəaliyyətsizliyi qarşısında başqa bir seçim yolu qalmayan Azərbaycan 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə antiterror tədbirləri nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini bərqərar etdi”, - deyə Jalə Əliyeva bildirib.

 

Deputatın sözlərinə görə, hazırda Azərbaycan yeni sülh prosesinin müəllifi olaraq, sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanı ikitərəfli əsasda birbaşa danışıqlara dəvət etsə də, qarşı tərəf prosesin məqsədli şəkildə yubanmasına səbəb olur. Lakin Ermənistanın bütün cəhdləri puça çıxdı. Azərbaycan Prezidentinin uzaqgörənliklə və böyük bir müdrikliklə yürütdüyü daxili və xarici siyasət ölkəmizin nəinki regionda, bütövlükdə qlobal arenada mövqeyinin möhkəmlənməsinin başlıca təminatlarından biridir. Azərbaycan artıq regionun lider dövləti kimi özünü birmənalı şəkildə təsdiqləyib. Bu reallıq bizə tərəfdaşlar qazandırdığı kimi, eyni zamanda, anti-Azərbaycan qüvvələrin qərəzli mövqeyinin və nifrətinin alovlanmasına səbəb olur.

“Azərbaycanda keçiriləcək prezident seçkilərinə qısa müddət qalmış AŞPA-nın sərgilədiyi qərəzli mövqe onun əsl niyyətini ifşa edərək mahiyyətini bir daha ortaya qoyur. Erməni lobbisinin sifarişini yerinə yetirən AŞPA-nın ədalətsiz qərarları sülh prosesinin qarşısını almaq, beynəlxalq arenada Azərbaycanın mövqeyini zəiflətmək məqsədi güdür. Lakin bütün bunlara baxmayaraq, dünya birliyinə gün işığı kimi aydın, təkzibedilməz bir fakt var: Qarabağ Azərbaycandır! Xalqımız əmindir ki, 30 il işğal altında qalmış, vandalizmə, terrorizmə məruz qoyulmuş doğma Qarabağımıza azadlıq gətirən şanlı Zəfərin müəllifi ölkəmizin haqq səsini bundan sonra da dünyaya duyurmağa davam edəcək və Azərbaycan dünyanın lider dövlətlərindən birinə çevriləcək”, - deyə Jalə Əliyeva vurğulayıb.